Əlilliyi olan şəxslər üçün 160-dan çox küçədə 2200-dən artıq pandus quraşdırılıb – FOTO

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Dövlət başçısının bu istiqamətdə sosial siyasətinin tərkib hissəsi olaraq şəhər nəqliyyatında müyəssərliyin təmin olunması məqsədilə son beş ildə çox əhəmiyyətli işlər görülüb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, ölkədə bu çərçivədə 160-dan çox küçə və prospektdə 2200-dən artıq pandus təşkil edilib. Eyni zamanda, 10-dan artıq küçə və prospektdə “İdeal səki” layihəsi icra olunub ki, nəticədə, həmin ərazilərdə, əsasən, görmə imkanları məhdud şəxslər üçün rahat hərəkət imkanı yaradılıb.
İctimai nəqliyyatda da müyəssərliyin təmin olunması məqsədilə vacib addımlar atılır. Sərnişin avtobusları ilə bağlı norma və standartlarda da bu amil mütləq şəkildə nəzərə alınıb. Bu gün marşrut şəbəkəsində 1000-dən artıq avtobusda xüsusi panduslu mexanizimlərin olması da məhz bununla əlaqədardır.
Eyni zamanda, yeni ictimai nəqliyyat infrastrukturları yaradılan zaman da müyəssərlik əsas tələb olaraq nəzərə alınır. Bu mənada, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək olar.
Burada tam formada müyəssərlik təmin edilib. Bundan sonra yaradılacaq digər bu kimi məkanlarda da bu tendensiya saxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir