ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

AZƏRBAYCAN RESPUBLİKASİ CİNAYƏT MƏCƏLLƏSİNİN 306-CI MADDƏSİNİN ŞƏRHİ – MƏHKƏMƏNİN HÖKMÜNÜ, QƏRARINI, YAXUD DİGƏR AKTINI İCRA ETMƏMƏ

Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra məhz ümummilli lider Heydər Əliyev tərəfindən onun gələcək inkişaf istiqamətləri müəyyən edildi. Ölkənin həm siyasi, həm iqtisadi, həm də hüquq sistemini  uğurla müəyyənləşdirən ulu öndər 1995-ci ildə müstəqil respublikanın əsas qanununun – Konstitusiyanın qəbulunda misilsiz xidmətlər göstərdi. Həmin ildən etibarən Azərbaycan Respublikası demokratik, dünyəvi və hüquqi dövlət olduğunu rəsmən bütün dünyaya elan etdi. Məhz bu tarixi hadisədən sonra ölkədə məhkəmə-hüquq islahatlarına rəvac verildi. Hüquqi dövlətin ən mühüm atributlarından olan ədalət mühakiməsinin mütərəqqi prinsipləri əsasında 2000-ci ildə hazırlanmış Azərbaycan Respublikasının yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və digər Məcəllələri qəbul edilərək qüvvəyə mindi. Ümummilli liderimiz Heydər Əliyevin 25.08.2000-ci il tarixli fərmanı ilə ilk dəfə olaraq Ədliyyə Nazirliyinin tərkibində yeni İstintaq qurumu yardıldı. Ölkə Prezidentinin qeyd edilən fərmanı ilə Azərbaycan Respublikası CM-nin 196, 289, 303, 305, 306-cı maddələrinin, habelə 30 dekabr 2007-ci il tarixdə qüvvəyə minən yeni qanunla CM-nə əlavə edilmiş  317-1 və 317-2-сi maddələri üzrə nəzərdə tutulmuş cinayətlərə dair ibtidai istintaqın aparılması Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Həmin maddələrdən bu gün ən aktual olanı 306-cı maddədir.

Maddə 306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasında ədalət mahakiməsini yalnız məhkəmələr həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçiriməlidir. Məhkəmə və digər orqanların qərarların icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respubluikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarların icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. AR CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə və ya qərarın icrasına maneçilik törətdikdə icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutlmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında Ədliyyə Nazirliyinin İstintaq idarəsinə İcra xidmətinin rəhbəri tərfindən təsdiq olunan təqdimat verir. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır.  Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərarının və ya aktının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur:

  • məhkəmə aktlarını qərəzli olaraq icra etməmə,
  • məhkəmə aktlarının icrasına maneçilik törətmə

Birinci halda cinayət hərəkətsizlikdən meydana gəlirsə, ikinci halda borclu məhkəmə qərarının icrasına öz hərəkətləri ilə maneçilik törədir.

Məhkəmə aktlarının qərəzli olaraq icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:

  • məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
  • borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəmi xəbərdarlıq edilməsi;
  • borclunun məhkəmə qərarının icra etməməsinə görə inzibati məsuliyətə cəlb edilməsi;
  • borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görülməməsi;
  • borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

Məhkəmə aktlarınınm icrasına maneçilik törədilməsini isə aşağıdakılara əsasən müəyyən etmək olar:

  • şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi;
  • icra məmurunun məhkəmə qərarının icra etməsinə manelər yaradılması;
  • məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi;
  • icra məmuruna məlumatların verilməməsi;
  • məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi;

AR CM-nin 306-cı maddəsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını  icra etməmə məhkəmə orqanlarını hörmətdən salır, dəymiş ziyanın ödətdirilməsi qeyri-mümkün olur və çıxarılmış qərar kağız üzərində qalır. AR CM-nin 306.2-ci maddəsinin əlaməti də eyni əməlin vəzifəli şəxs tərfindən törədilmədilməsi kimi başa düşülməlidir. Məhkəmə qətnaməsini icra etməmə uzanan cinayətdir. Bu cinayət birbaşa qəsdlə törədilir və başa çatmış cinayət hesab olunur. Cinayətinin motivi şəxsi maraq, tamam niyyətidir. 28 dekabr 2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunu 08 fevral 2013-cü il tarixdə qüvvəyə mindikdən sonra AR CM-nin 176-cı maddəsi ləğv edilmiş və aliment ödənilməməsinə görə məsuliyyət də AR CM-nin 306-cı maddəsinin təsiri altına düşmüşdür. Göstərilən maddədə isə borclunun işləməməsi və ya əmək qabiliyyətli olmaması zəruri tərkib əlamətləri kimi nəzərdə tutulmur. Bu da öz növbəsində öz uşaqlarına aliment ödəməyən “ata” ların məsuliyyətini daha da artırmışdır.

 

 

Bəxtiyar Salman oğlu Calalov

     Bərdə Regional Ədliyyə İdarəsinin müstəntiqi

          kiçik ədliyyə müşaviri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir