Ağcabədidə şizofreniya xəstəsi gəlinlərinə dəhrə ilə hücum etdi: Sonra özünü zəhərlədi

Ağcabədi rayonunda şizofreniya xəstəsi olan şəxs qardaşı oğlunun arvadını öldürmək istəyib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, yanvarın 31-i saat 11 radələrində Ağcabədi rayon poliklinikasının ruhi-əsəb kabinetində şizofreniya diaqnozu ilə qeydiyyatda olan 1970-ci il təvəllüdlü Hüseynov Müşfiq Oruc oğlu heç bir əsaslı səbəb olmadan qardaşı oğlunun arvadı, Qaraxanlı kəndində yaşayan 1991-ci il təvəllüdlü Hüseynova Könül Surxay qızının yaşadığı evə daxil olaraq əlində olan dəhrə ilə Könül Hüseynovanın kürək nahiyəsinə, baş, boyun, kürək, ayaq və əl nahiyələrinə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib.

Lakin K.Hüseynova Müşfiq Hüseynovun əlindən çıxaraq oradan qaçdığı üçün Müşfiq Hüseynov öz iradəsindən aslı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyib. Könül Hüseynova qonşuları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerində qalmış Müşfiq Hüseynov sirkə turşusu içərək özünü zəhərləyib. Hadisə yerinə getmiş polis əməkdaşları tərəfindən Müşfiq Hüseynov Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki şəxsə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibbi yardımın göstərilməsi davam etdirilir və vəziyyətləri ağır olaraq qalır.

Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Müşfiq Hüseynovun sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir