Ahıllar üçün günərzi xidmət mərkəzləri yaradılır

Mərkəzlərdə tənha ahıllar sosial-məişət xidmətləri ilə təmin olunacaqlar

Bu gün ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət nəticəsində ahıl insanlara qayğı və diqqət daha da artıb, onların maddi və mənəvi tələbatları ödənilib, sosial müdafiəsi daha da gücləndirilib. Dövlət tərəfindən sosial təminat sahəsinə aid qanunların, fərman və sərəncamların qəbulu zamanı ahılların maraqları və sosial statusu nəzərə alınıb. Belə ki, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilib. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın uğurla icrası ilə sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunub. Ölkəmizdə tətbiq olunan yeni sığorta-pensiya sistemində pensiyaların artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun tərzdə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli surətdə bölgüsünə imkan verib.
Ötən illər ərizində, Azərbaycan Prezidenti İlham Əliyev yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması, sığorta hissəsinin artırılması və s. bağlı sərəncamlar imzalayıb. Bu gün tənha, ahıl vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilir. Ölkəmizin bir çox yerlərində Bakıda, Gəncədə və başqa yerlərdə belə evlər vardır. Dövlət başçısının, bu təbəqədən olan insanlara diqqət və qayğısının ifadəsi kimi, Bilgəhdə müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar Evi) beşmərtəbəli, 170 yerlik ikinci korpusu inşa olunaraq, istifadəyə verildiyni də vurğulamaq yerinə düşər. Burada beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait yaradılıb. Bu tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə çox ciddi praktiki addımlar atılır. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahılların bir qismi əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də işlər ilbəil güclənir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı, sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə şərait yaradıb.
Sərəncamın icrası işləri çərçivəsində sosial xidmət sifarişləri əsasında, ilk mərhələdə, 10 şəhər və rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub. Mərkəzlərin 4-ü Bakı şəhərində, 6-sı Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəran şəhər və rayonlarında yaradılacaq. Bu mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılacaq.
Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada özünəqulluq qabiliyyəti, habelə, onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər, daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.
Bütün görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin artan qüdrətinin və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir.

Zümrüd BAYRAMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir