Aqroparklar: əhalinin məşğulluğunun yeni ünvanları

Prezident İlham Əliyev: Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas parametrlərindən biri də aqrar sektorun daha da inkişaf etdirilməsidir. Bu sahənin inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqla yanaşı, respublikamıza valyuta axınının gücləndirilməsinə də böyük töhfələr verir.

Aqrar sektorun inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasında və sosial rifah halının daha da yaxşılaşdırılmasında mühüm amilə çevrilib. Həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı gündən-günə artır. Məhz bu islahatlardan sonra Azərbaycanda bəzi məhsullar üzrə məhsuldarlığın artırılması və idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət təcrübə qazanılıb. Bütün bunlar kənd təsərrüfatının dayanıqlı inkişafına nail olunmasının və onun rəqabətqabiliyyətli sektora çevrilməsinin strateji hədəf olduğundan xəbər verir.

2019-cu il iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkə başçısı bildirib ki, bu ilin altı ayında Azərbaycan öz inkişaf dinamikasını qoruyub saxlayıb, qeyri-neft sənayesində, kənd təsərrüfatında yüksək nəticələr əldə olunub,  qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub: “İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

Son illər qeyri-neft sektorunun inkişafı üçün başladılan islahatların  getdikcə sürətləndirilməsi, ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsi, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və ticarət nümayəndələrinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, respublikamızda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması və digər amillər qeyri-neft ixracının stimullaşdırılmasına böyük töhfələr verib.

İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Belə ki, bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.

Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlamasını gözləyirik. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq. Artıq sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib. Həmin layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq. Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kreditlər verilib. Həmçinin ilin ikinci yarısında sahibkarlara 120 milyon manat həcmində güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Bütün bunlar Prezident İlham Əliyevin əhalinin məşğulluğunun təmin edilməsini, rifah halının daha da yaxşılaşdırılmasını prioritet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir