Atatürk xalqının istiqlaliyyət arzusunu gerçəkləşdirdi

29 oktyabr Türkiyə Cümhuriyyətinin zəfər bayramıdır

Türkiyənin gələcəyini daha qüdrətli görmək üçün komandan, vətəndaş, bir türk kimi ən çətin məqamlarda belə xalqı arxasınca aparmaq bacarığına malik olduğunu cəsarəti ilə təsdiqləyən “ Əfəndilər və ey millət! Yaxşı bilin ki, Türkiyə Respublikası şeyxlər, dərvişlər, müridlər, mənsublar ölkəsi ola bilməz. Ən düzgün və ən gerçək təriqət sivilizasiya təriqətidir” söyləyən öndər Mustafa Kamal Atatürk haqqında çox qiymətli sözlər deyilsə də, dəyərləndirmə sistemində ulu öndər Heydər Əliyevin müdrik kəlamları öndə dayanmaqla reallığı daha çox əks etdirir: “Mustafa Kamal Atatürkün böyüklüyü bir də ondan ibarətdir ki, İslam dininin təsiri altında yaşamış və İslam dininin hakim olduğu bir dövlətdən çıxan yeni bir dövlət, məhz dünyəvi dövlət qurmuşdur… bu da Mustafa Kamal Atatürkün o Cümhuriyyəti qurarkən ən böyük nailiyyətlərindən biridir.”

Türk dünyasının öndəri Atatürkə rəğbətini “Avropalılar güman etməsinlər ki, dünyəvilik ancaq onlarındır, onlara məxsusdur, başqalarında ola bilməz. Mustafa Kamal Atatürkün gördüyü işlər, şübhəsiz ki, burada da öz təsirini göstəribdir” sözləri ilə bildirən ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, Türkiyənin özgürlüyünə qovuşması üçün yadellilərə qarşı döyüşlərdə əsl komandan olduğunu şücaəti ilə təsdiqləyən M. K. Atatürk bir ideya naminə vuruşdu: “ Millətin istiqlalını-millətin özünün əzm və qərarı xilas edəcək.” Mustafa Kamal Atatürkün komandanlığı və idarəçiliyi ilə Türk Qurtuluş Savaşının əhəmiyyətli mərhələləri biri-birini əvəz etdikcə türkün zəfər yolunda atdığı hər addım bir tarix, öyünüləcək salnamə oldu. 1 noyabr 1922-ci ildə xilafət və səltənət biri-birindən ayrıldı. Osmanlı imperatorluğu ilə idarəçilik əlaqələri kəsildi.

13 oktyabr 1923-cü ildə Türkiyədə respublika idarəçilik üsulu qəbul olundu. M.K.Atatürk yekdilliklə ilk Prezident seçildi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin ilk hökuməti formalaşdı. Türkiyə Cümhuriyyəti “ Yurdda sülh-cahanda sülh” təməlləri üzərində yüksəldi, qüdrətləndi. M.K. Atatürk sadə bir ömür sürsə də, 80 milyondan artıq bir xalqın qəlbində yaşadı, mənəvi zənginliyi ilə seçildi, insanlara örnək oldu. “ Azadlıq olmayan bir ölkədə ölüm və uçurum vardır” deməklə “Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır” deyən Atatürk millətinə güvənərək “ Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bunun hərarət və qüvvəsinin bizi isidəcəyinə , bundan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu adətən gözlərimlə görürdüm” söyləməklə xəyallarında yaratdığı qüdrətli Türkiyənin banisi kimi vətəndaşlıq borcunu da yerinə yetirdi. Atatürkün müdrik kəlamlarından olan “Türk əsarət qəbul etməyən bir millətdir” sözləri insanlarda milli qürurun, birliyin, həmrəyliyin möhkəmlənməsi üçün bir çağırış oldu. Dövlətinin istiqlalı, xalqının azadlığı uğrunda tarixi xidmətləri ilə türk dünyasının öndəri adını qazanan və 1914-cü ildə başlanan I Dünya müharibəsində qəhrəmanlıq dastanı yazıb ittifaq (ANTANTA) dövlətlərinə “ Çanaqqala keçilməz” dedirdən Atatürk əsgərlərinə “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm” deməklə qazilik və şəhidlik zirvəsinin müqəddəsliyini Vətən uğrunda qanından-canından keçməkdə gördüyünü bildirdi.

Mustafa Kamal Atatürkün xalqına, xüsusi ilə gənclərə tövsiyəsi də bu idi ki, ağıl, məntiq, zəka ilə hərəkət etmək bizim parlaq özünəməxsusluğumuzdur. Çətinliklərə, təhdidlərə, xarici müdaxilələrə baxmayaraq türk xalqı qəhrəmanlıqları ilə Atatürkdən miras qalmış ölkəni qüdrətli bir dövlətə çevirdi.

Hazırda dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, demokratik inkişaf yolu ilə addımlayaraq siyasi, iqtisadi qüdrəti ilə də dünya dövlətləri arasında böyük nüfuz qazanan Türkiyə bütünlükdə türk dünyasının birlik və həmrəyliyinə də önəmli töhfələr verir.

Öndərləri Atatürkün “Əgər dünyanın bizə hörmət etməsini istəyiriksə, hər şeydən əvvəl özümüzün öz məmləkətimizə və öz millətimizə olan hörmətimizi həyatda hisslərimizlə, mənəviyyatımızla, qısası, bütün iş və hərəkətlərimizlə sübut edək və başa düşək ki, milli mənliyi olmayan millətlər başqa millətlərin ovudur” sözlərinə miras kimi sadiq qalan, dövlətçilik, babalarından miras qalan qəhrəmanlıq ənənələrinə sahib çıxan Türkiyə xalqı 2016-cı ilin 15 iyulunda birlik və həmrəyliklərini dünyaya bəyan etdi. Həmin günlərdə dövləti hərbi yolla devirmək istəyən daxili və xarici qüvvələrə, FETO-çulara “yox” deyən türk xalqı bir daha yenilməzliyini şəhid verməklə təsdiqlədi. Bildirdi ki, Çanaqqala savaşında bir neçə dövlətin hücumunu dəf edən Türkiyə tarix boyu heç kimə boyun əyməyib. 15 iyul hadisələri zamanı da Vətənini təhlükələrdən qoruyan türk xalqı Atatürkün əmanətinə sahib çıxdı. O günlərdə də Azərbaycan xalqı Türkiyənin yanında olduğunu həmrəyliyi ilə bildirdi.

Bu gün də milli maraqları eyni, ortaq tarixə, mədəniyyətə, əsrlərdən bəri qorunaraq, bu günümüzə qədər gəlib çatan oxşar adət-ənənələri bir olan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı türk dünyasının öndərləri Mustafa Kamal Atatürk – Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhkəmlənir, qlobal layihələrin reallaşmasında aparıcı rol oynayır.

Beynəlxalq təşkilatlarda təmsil olunan hər iki dövlətin milli maraqlara, regionda sabitliyin qorunmasına yönələn birgə səyləri bütünlükdə dünya siyasətinə təsir göstərir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün siyasi, hərbi yardımını əsirgəməyən Türkiyədə Xocalı soyqırımının qurbanları, Qarabağ döyüşlərində həlak olan şəhidlər ehtiramla yad olunur. Avropa təsisatlarında, İslam Əməkdaşlıq Təşkilatında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müzakirə olunan mühüm, aktual məsələlərin həllində hər iki dövlətin eyni mövqedən çıxış etməsi, Türkiyə-Azərbaycan dostluğuna nümunə olmaqla, ölkələrimizə ədalətsiz yanaşmalara qarşı mübarizədə də sipər kimi bədniyyətlərin qarşısını alır.

Bu gün dünyanın enerji, nəqliyyat xəritələrini yeni istiqamətlər üzrə təzələyən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərlərinin davamçıları TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi dostluğu iqtisadi əlaqələrlə daha da gücləndirir. “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Bu ideyaya sadiqlik, qlobal enerji, nəqliyyat dəhlizlərinin reallaşmasındakı əzmkarlıq, terrora qarşı mübarizədə qətiyyət Türkiyə-Azərbaycan birliyində ifadəsini tapır. Prezident İlham Əliyevin Azərbaycan xalqı tərəfindən dəstəklənən siyasətinə, şəxsiyyətinə verilən dəyər, türk dünyasının aparıcı simaları olan və dünya siyasətinə təsir imkanları getdikcə artan hər iki dövlət rəsmiləri arasında yaranan səmimiyyət, dostluq əməkdaşlığın əbədiliyinə təminatdır. Bu qardaşlıq təkcə iki dövlət üçün deyil, Avropa İttifaqına daxil olan ölkələrin enerji təhlükəsizliyi üçün vacibdir.

“Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq. XXI əsr türk dünyası əsri olacaq” söyləyən Prezident İlham Əliyevin sözləri gələcəyə çağırışdır.

Bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın ən çox Türkiyə iqtisadiyyatına, 15 milyard dollar həcmində sərmayə qoyması da qarşılıqlı əməkdaşlığın, dostluğun, qardaşlığın əbədiliyini göstərir. Hər iki dövlət arasında siyasi, iqtisadi, hərbi sahədəki əməkdaşlığın bütünlükdə türk dünyası üçün böyük mahiyyət və əhəmiyyət daşıması birgə səylərin nəticəsidir. Həmin Zirvə Görüşündə ölkəmizə qardaşlıq dəstəyini, milli mübarizələrdə birlikdə olmağı qardaşlıq borcu adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında söylədiyi “Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu, Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik” sözlərini TDƏŞ-nin Zirvə Görüşündə də diqqətə çatdırması hər iki dövlət arasındakı dostluğun sarsılmazlıq nümunəsidir.  “Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş- bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətdə yaşamağa məcbur edib” söyləyən Rəcəb Tayyib Ərdoğanın bunu qəbuledilməz vəziyyət adlandırması daim Azərbaycanın yanında olan Türkiyənin qardaşlıq dəstəyi, işğalçı Ermənistana, münaqişəyə ikili standartlardan yanaşanlara mesaj idi.

Təhdidlərə baxmayaraq terrora qarşı mübarizəsini davam etdirən Türkiyənin məqsədi bölgədə sabitliyin yaranması, insanların kütləvi qırğınlarının qarşısının alınması, bəzi ölkələrin maraqları naminə yurdlarından didərgin düşən suriyalıların evlərinə dönməsidir.

Bu gün Türkiyə xalqı istiqlaliyyət, zəfər bayramını qeyd edir. Türklər üçün bu gün birlik, həmrəylik, qardaşlıq, sevinci, uğurları paylaşmaq bayramdır. Qardaş Türkiyə üçün əlamətdar olan bu bayram həm Azərbaycan xalqı üçün əlamətdar və əzizdir. Qardaş payı bayramlarda daha əziz olur. Qüdrətli türk xalqına arzumuz sabitlik, nailiyyətlər, xoş günlərin daha çox olmasını arzulamaqdır.

“Türkiyə inkişafa məhkumdur” söyləyən öndər Atatürkün bu sözləri gələcəyə inamla baxan qüdrətli türk xalqının amalı, məqsədidir. Bu yolda bələdçi isə xalqının etimadını qazanan, ümidləri doğruldan qətiyyətli dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğandır.

Xuraman İsmayılqızı, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir