Azərbaycan diplomatiyasının uğurları

Ölkəmizin dünya birliyində sözünü demək, özünü təsdiqləmək potensialı istənilən səviyyədədir

Şərq və Qərb dəyərlərini birləşdirməklə dünya birliyi üçün əhəmiyyətini balanslaşdırılmış siyasəti ilə təsdiqləyən,  dəyişən beynəlxalq münasibətlərə, yeni çağırışlara  beynəlxalq  əhəmiyyətli səyləri ilə cavab verən Azərbaycanın diplomatik uğurları xalqın milli mənafelərinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq,  dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in tədbirlərinin ölkəmizdə keçirilməsi respublikamızın daxili sabitliyi, xarici siyasəti sayəsində qazanılan uğurlardandır.  Super güc dövlətləri birləşdirən “Böyük 20-lər”in Meksikada keçirilən sammitində  MDB dövlətləri arasında yeganə olaraq Azərbaycanın  iştirakı iqtisadi qüdrəti ilə  liderliyini qoruyan ölkəmizə diqqət və marağın ifadəsidir. Həmin sammitdə  üç həmsədr ölkə başçılarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə qəbul etdikləri bəyanat da diplomatik uğurlarımızın dəstəklənməsidir.

Ölkəmizin növbəti dəfə Antalyada təşkil olunan  “G-20”-nin toplantısında təmsil olunması, Roma Rapasının ölkəmizə səfərləri, “Eurovision-2012” mahnı müsabiqəsinə,  Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyimiz diplomatiya sahəsində qazanılan uğurların məntiqi nəticəsidir.

Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə  müzakirə  mövzusuna çevrildiyi  ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin brinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla    görüşləri ölkəmizə artan maraqdan irəli gəlir.

Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun  NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Tod Valterslə  görüşü  ölkəmizin diplomatiya sahəsində qazandığı uğurların coğrafiyasının genişlənməsini göstərir.

Prezident İlham Əliyevin respublikanın diplomatik  xidmət orqanlarının 100 illik  yubileyinə həsr olunmuş VI müşavirəsinin iştirakçılarına ünvanlanan təbrik məktubunda qeyd olunduğu kimi respublikamızla əməkdaşlıq etmək istəyən,  ölkəmizin təşəbbüsü ilə  reallaşan enerji, nəqliyyat layihələrinə maraq göstərən dövlətlərin sayının artması,  Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarından olan BMT Təhlükəsizlik Şurasına  sədrlik etməsi,  beynəlxalq təşkilatlarda, Şərq Tərəfdaşlığı proqramlarında layiqincə təmsil olunması xarici siyasətimizin dünya birliyi tərəfindən dəstəklənməsidir. “Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət  orqanlarının müstəsna xidmətləri vardır” söyləyən Prezident İlham Əliyev  düşünülmüş  xarici siyasət nəticəsində  Azərbaycanın gücünün, qüdrətinin artmasını diqqətə çatdırır.

Bu günlərdə paytaxtımızda keçirilən  UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının mütəşəkkilliklə başa çatması, müxtəlif xalqlara məxsus mədəni müxtəlifliyin qorunması  üçün önəmli müzakirələrin aparılması, xalqları dostluğa, əmin-amanlığa çağırış səslərinin dəstəklənməsi xarici siyasətimizin çoxşaxəli inkişaf istiqamətlərini göstərir.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun ölkəmizə növbəti səfəri də qitə dövlətləri ilə ölkəmiz arasında möhkəmlənən dostluq əlaqələrinin davamlı inkişafının nümunəsidir.

Prezident İlham Əliyevin  və  Avropa İttifaqı  Şurasının Prezidenti Donald Tuskun mətbuata açıqlamalarında qeyd olunduğu kimi regional inkişaf və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunan bu cür görüşlər, aparılan danışıqlar tərəfdaşlıq münasibətlərini möhkəmləndirir: “Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Bu gün Cənab Prezidentlə təkbətək görüşümüz zamanı mən ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdim. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır” söyləyən Prezident İlham Əliyev  bildirir ki, səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Bunun üçün beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupu  səylərini artırmalıdır. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir.

Görüşdə enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələlərin müzakirəsinə xüsusi diqqət yetirilməsi bir daha göstərir ki, Azərbaycan və Avropa İttifaqının bu sahələrdəki konstruktiv əməkdaşlığı region  dövlətlərinin maraqlarına uyğundur. “Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasa idi, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir.  Avropa İttifaqı ilə Azərbaycan arasında  strateji əməkdaşlığın  gücləndirilməsini  regional sabitliyə ən yaxşı töhfə adlandıran cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin dünya  birliyində möhkəmlənən mövqeyi sayəsində  diplomatik uğurların da sayı artır.

“Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir” söyləyən,  Avropa İttifaqı ilə  Azərbaycan arasındakı münasibətləri qarşılıqlı  əlaqələrin nümunəsi adlandıran Donald Tusk bildirir ki,  Avropa təsisatları mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə fərqlənən Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir: “Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Avrasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək.”

Bu gün Azərbaycan özünü nəqliyyat və logistika qovuşuğuna çevirmək üçün mühüm addımlar atır. Azərbaycanın Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşlarını birləşdirən məqsəd bütünlükdə  regionda və  dünyada birgə əməkdaşlığa xidmət edir. Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olan Avropa İttifaqı hesab edir ki, həqiqətən  dünyaya açıq olan Azərbaycanın daxili və xarici siyasəti uzunmüddətli sabitliyin ən gözəl təminatıdır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  bərpası üçün  ölkəmizin səylərini yüksək dəyərləndirən Donald Tusk bildirdi ki,  sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın  dünya birliyində  sözünü demək, özünü təsdiqləmək  potensialı istənilən səviyyədədir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə  ölkəmizin ədalətli mövqeyini müdafiə edən avropalı parlamentarilər etiraf edirlər ki, daim sülhsevər siyasəti ilə  diqqəti çəkən  Azərbaycan demokratik inkişaf yolu ilə irəliləyir, mövqeyinə sadiqdir, müasirləşir, inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşır,  bazar iqtisadiyyatının ən müasir tələblərinə əməl olunur. Qoşulmama Hərəkatında  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizin 120 ölkə tərəfindən  dəstəklənməsi,   etimad qazanması o deməkdir ki, dünya dövlətlərinin dörddə üç hissəsi   Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

“Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət diplomatiyamızı aparırıq” söyləyən Prezident İlham Əliyev eyni zamanda vurğulayır ki, coğrafi vəziyyətimiz elədir ki, bizim razılığımız olmadan bu bölgədə heç bir qlobal layihənin reallaşması mümkün deyil.

Avropa İttifaqının “Yaxın qonşuluq siyasəti” proqramından irəli gələn vəzifələrin  daim diqqətdə saxlanılması, qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı əvəzsiz xidmətləri, regionda baş verən  hadisələr göstərir ki,  Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa bilməz.

Xuraman İsmayılqızı, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir