Azərbaycan: dünyanın ən güclü ölkələri sırasında

ABŞ-ın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilən  siyahı Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Beləliklə də  ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa İttifaqı ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Qeyd edək ki, siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Reytinqdən də göründüyü kimi,  Azərbaycan nəinki Cənubi Qafqazın lider ölkəsi, eyni zamanda, Avropa İttifaqı ölkələrinin bir çoxunu müxtəlif sahələrdə üstələməkdədir.

Söhbət ondan gedir ki, təkcə 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə 65 milyard 415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bununla da iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub.

Bundan başqa, Azərbaycan hazırda nəinki regionda həyata keçirilən layihələrin əsas iştirakçısı, hətta qitələri birləşdirən nəqliyyat, Avropa qitəsinin enerji təhlükəsizliyini nəzərə tutan təbii qaz layihələrinin təşəbbüskarı və aparıcı tərəfi kimi çıxış edir.

Hələ 1994-cü ildə “Əsrin müqaviləsi”ni ortaya qoymaqla, dünyanın aparıcı şirkətlərini Xəzər dənizinə  enerji resurslarının hasilatına cəlb edərək qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsini verən Azərbaycan sonrakı illərdə neftin və qazın nəqlini nəzərdə layihələri reallaşdırmaqla bu istiqamətdəki fəaliyyətini daha da genişləndirib, regionda və dünyada söz sahibinə çevrilməyi bacarıb.

Aydın məsələdir ki, bu cür regional və qlobal əhəmiyyətli layihələrin reallaşdırılması dünyanın aparıcı güclərinin dəstəyi ilə yanaşı, güclü siyasi iradə, qətiyyətli mövqe və iqtisadi imkanlar tələb edir. Bununla da Azərbaycan  indiyədək ərsəyə gətirdiyi və dünyanın diqqətini ölkəmizə yönəldən layihələri müxtəlif siyasi, iqtisadi, ekoloji əngəllərə rəğmən başa çatdıra bilməklə  əsas ixrac məhsulları olan neft və təbii qazın dünya bazarlarında reallaşdırmağa, iqtisadi qüdrətini təmin etməyə nail olub.

Təbii ki, iqtisadi qüdrəti Azərbaycana güclü ordu yaratmağa da imkan verib. Şübhəsiz ki, ölkəmizin hərbi potensialının ildən-ilə artmasının əsas səbəbi ərazisinin 20 faizinin işğalçı Ermənistanın hərbi təcavüzünə qalması ilə əlaqədardır. Bununla da Azərbaycan atəşkəs sazişinə, həmçinin işğal faktorunun sülh yolu ilə aradan qaldırılması istiqamətində səylərinə  baxmayaraq, ordu quruculuğuna da böyük önəm verməklə ərazi bütövlüyünü müharibə yolu ilə  bərpa etməyi də istisna etmir. Bu baxımdan təsadüfi deyil ki, sözügedən reytinq üzrə qabaqladığı Avropa İttifaqı ölkələri həm də NATO-nun üzvləridir.

Söhbət regional təhlükəsizlikdən düşəndə isə onu vurğulamaq lazımdır ki, Azərbaycanın təşəbbüsü və aparıcı iştirakı ilə həyata keçirilən iri layihələr iqtisadi mənafe ilə bərabər, həm də regionda sabitliyin və əmin-amanlığın qorunmasına xidmət edir.

O da vurğulanmalıdır ki, belə sərvətlərə malik ərazilər həm də qlobal güclərin maraq dairəsindədir və dünyadakı müharibə ocaqları, eyni zamanda, aclıq və səfalət də əsasən bu coğrafiyanı əhatə edir. Bu baxımdan güclü siyasi-iqtisadi, həmçinin hərbi mövqeyə malik olmaq üçün təkcə neft və qaz kimi enerji ehtiyatlarına sahib olmaq kifayət etmir. Burada belə üstünlüklərlə bərabər, effektiv idarəetmənin gücə çevrilməsi də böyük rola malikdir.

Necə ki, Azərbaycan 25 ildə enerji resurslarından, həmçinin yerləşdiyi coğrafi mövqeni düzgün qiymətləndirməklə özünün əhəmiyyətli dərəcədə hərtərəfli inkişafına nail olmağı bacarıb.

Bu gün, həmçinin Azərbaycan beynəlxalq münasibətlərini ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələr, eyni zamanda, bu ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıqla kifayət qədər şaxələndirib. Təsadüfi deyil ki, bu amillər regiondakı maraqlar nisbətinin balanslaşdırılmasını da təmin etməyə şərait yaratmaqla, Azərbaycanın beynəlxalq müstəvidə öz layiqli yerini tutmasına imkan verir.

Ceyhun Piriyev, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir