Azərbaycan-Moldova əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb

Moldovanın Prezidenti İqor Dodon sentyabrın 3-də Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovu qəbul edib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilib, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin iki ölkə arasında mövcud olan ticari-iqtisadi əlaqələrə də toxunulub. Belə ki, hazırda Moldova ərazisində Azərbaycan kapitalı ilə qeydiyyatdan keçən təxminən 130-a yaxın şirkətin olması faktı məmnunluqla qeyd edilsə də, mövcud potensialın kifayət qədər istifadə edilmədiyinə işarə olunaraq, qarşılıqlı maraq doğuran perspektiv istiqamətlərdə birgə dialoqun, əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələr arasındakı sosial və humanitar əməkdaşlığın aspektlərinə ayrıca nəzər salarkən, dövlət başçısı Azərbaycan tərəfinə Moldovaya, xüsusilə də Qaqauziya Muxtar Ərazisinə göstərdiyi diqqət və yardıma görə minnətdarlığını bildirib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Çadır-Lunqa şəhərində inşa olunan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi başa çatmaq üzrədir. İqor Dodon qeyd edib ki, həmin layihənin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevlə 2017-ci ildə baş tutan görüşü zamanı əldə olunmuş razılıq əsasında mümkün olub.

Prezident İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevi Moldovaya rəsmi səfərə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir