Azərbaycan-Türkiyə əlaqələri bir daha möhkəmləndi

Vizanın ləğvi ölkələrarası qardaşlığın əsl nümunəsidir

Bu günlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb. Əlavə edək ki, Azərbaycan Respublikası ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir. Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları viza tələbindən azad edilmişdir.
Viza tələbinin ləğvi qərarı xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlığa və dostluğa, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq, ölkələr arasında münasibətlərin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfədir.

Azərbaycan-Türkiyə əlaqələri son 27 ildə

14 yanvar 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərlə bağlı imzalanan müqavilənin üzərindən 27 il keçir.
18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan Respublikasını Türkiyə bir ay keçmədən, yəni noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə, rəsmi olaraq, 1992-ci ilin 14 yanvarından başladı.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli-kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin “bir millət – iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, daha yüksək səviyyəyə çatmaqda və bir sıra sahələr üzrə isə, keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
İkili əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradıldı. Sonra Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşlər keçirildi, regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər işlənildi. Xəzər dənizi enerji qaynaqlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrinin reallaşdırılması Azərbaycan və Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım oldu.
Bu gün iki ölkə arasında ticarət həcmi, təxminən 5 milyard dollardır. Hər iki ölkənin hədəfi 2023-cü ilə qədər ticarət həcmini 15 milyard dollara çatdırmaqdır. Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanın inkişaf etdirilməsi məqsədilə hər il hərbi manevrlər təşkil olunur. Son olaraq, bu il may ayının əvvəlində, Azərbaycanın paytaxtı Bakı yaxınlığında həyata keçirilən hərbi təlimlərdə 1000 əsgər, 80 tank və zirehli maşın, 60 quru və hava topu, 12 “Mi-35” və “Mi-17” hücum və nəqliyyat vertolyotları, o cümlədən, hava müdafiəetmə sistemləri yer aldı. Manevr 5 maya qədər davam etdi və müvəffəqiyyətlə nəticələndi.
Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də, məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

“Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır”

Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də, məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də, qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi fəallıq göstərir

Azərbaycan ərazilərinin, artıq 20 ilə yaxın müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına etiraz əlaməti olaraq, bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi fəallıq göstərir, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək verir. Ölkəmizdə rəsmi səfərdə olarkən, Türkiyənin Baş naziri, bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan İsveçrədə imzalanan, Ermənistanla münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyası mümkün deyil: “İsveçrədə Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi adlandırdığımız anlaşmaların imzalanması hazırda, məhz Ermənistan tərəfindən dondurulmuş vəziyyətdədir. Bizdə isə bu iş, bildiyiniz kimi, parlamentə həvalə edilmişdir. Ancaq bizim parlamentə həvalə edilmiş bu normallaşma prosesi istiqamətindəki protokolla əlaqədar çox açıq və dəqiq bir ifadəmiz vardır. O, nədir?! Dedik ki, bu Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi, Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmadan Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Bu, çox açıq və dəqiq surətdə göz qabağındadır. Bunu Minsk Qrupu həmsədrlərinin üçünə də söylədik, izah etdik”.
Hazırda isə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirməyən və beləliklə, həm də Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərən Ermənistan yenə də region dövlətləri ilə mehriban qonşuluq prinsipləri ilə yaşamaq niyyətindən uzaq olduğunu nümayiş etdirir. Bununla işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupuna da etinasız yanaşdığını göstərir. Çünki ATƏT-in Minsk Qrupunun münaqişə tərəflərinə təqdim etdiyi yenilənmiş Madrid prinsiplərinə indiyə qədər, məhz Ermənistan münasibət bildirmir. Halbuki Azərbaycan prinsip etibarilə, çox kiçik istisnalarla bu təklifi qəbul etdiyini bildirib. Lakin yenilənmiş Madrid prinsiplərinin tərəflərə təqdim olunmasından, təxminən 6 ay vaxt keçsə də, Ermənistan buna heç bir cavab verməyib. Prezident İlham Əliyev isə belə vəziyyətdə, Azərbaycanın konkret və qətiyyətli mövqeyini ortaya qoyur: “Ermənistan tərəfi öz mövqeyini bildirməlidir. Ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə müsbət cavab verəcək və o təqdirdə, biz məsələnin həllinə yaxınlaşacağıq. Ya da mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni mərhələ başlaya bilər. Əgər Ermənistan tərəfi verilən təklifə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan, təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində, yaddaqalan və dövlətlərimiz arasında əlaqələrin inkişafına mənəvi bir töhfə sayılacaq məqamlardan biri də, heç şübhəsiz ki, Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışı oldu. Abidənin ucaldıldığı yer, bilavasitə Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olub. Məhz Azərbaycan Prezidentinin bu diqqəti nəticəsində, sözügedən möhtəşəm abidə paytaxtımızın mərkəzində, Bakının tarixi yerində, Türkiyə səfirliyinin yaxınlığında ucaldılıb.

“Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır”

“Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” deyən Atatürkün ölkəmizdə möhtəşəm abidəsinin ucaldılmasını Prezident İlham Əliyev yüksək qiymətləndirərək, bunun ölkəmizin tarixinə bayram günü kimi yazılacağını bildirmişdir: “Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır. Bu, Türkiyə-Azərbaycan dostluğunun bayramıdır, birliyin bayramıdır. Bu, böyük Öndərin xatirəsinə Azərbaycan xalqının qəlbindəki duyğuların ifadəsidir”.
Azərbaycan paytaxtında belə bir abidənin ucaldılmasından son dərəcə məmnun olan Baş nazir Rəcəb Tayyib Ərdoğan isə, bir daha qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti var: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari – bütün sahələrdə bu əlaqə artaraq, davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.
Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən və onun sarsılmazlığından xəbər verir.

Erkan Özoral: “Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmli və simvolik mənaya sahibdir”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında vizanın ləğv edilməsinə münasibət bildirərək vurğulayıb ki, bu, çox önəmli haldır: “Bu gün tarixi gündür. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmli və simvolik mənaya sahibdir”.
Səfir onu da vurğulayıb ki, bu, “bir millət-iki dövlət” olduğumuzun bariz nümunəsidir: “Məlum qərar bizim bir millət, iki dövlət olduğumuzun bariz nümunəsidir. Türkiyə və Azərbaycan olaraq aramızdakı münasibətləri hər zaman daha irəli aparmaq əzmindəyik. Qəbul edilmiş qərar da buna xidmət edəcək və bu qərarın əhəmiyyəti çox böyükdür. Fürsətdən istifadə edib, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, bütün səlahiyyətli şəxslərə öz təşəkkürümü bildirirəm”.
E.Özoral qeyd edib ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında turizm, habelə, digər məqsədli səfərlərin sayının artmasına səbəb olacaq: “Bu qərar hamıya, həm Azərbaycan, həm də Türkiyəyə xeyirli-uğurlu olsun”.
Beləliklə, bu tarixi qərar, bir daha Türkiyə-Azərbaycan arasında olan vizanın ləğvi, ölkələrarası qardaşlığın əsl nümunəsidir.

RƏFİQƏ HZÜSEYNOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir