Azərbaycanda iyul ayında qızılcaya yoluxanların sayı – Rəsmi rəqəmlər

İyul ayında Azərbaycanda qızılca xəstəliyi ilə bağlı olaraq cəmi iki hadisə qeydə alınıb.
 Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu il 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı aparılan tədbirlər nəticəsində mart ayından xəstəliyin azalmasının müşahidə olunduğunu bildirib:
“2018-ci ilin noyabr ayından başlayaraq, ölkə əhalisi arasında, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınıb.
Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb.
Qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən yuxarı yaşlı əhalinin peyvənd olunması üçün  ölkəyə qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb.
Bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib. Nəticədə, mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub. İyul ayında isə cəmi iki hadisə qeydə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir