Azərbaycanın yeni Ombudsmanı məlum oldu

Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib.

Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Yeni Ombudsman kimdir?

Səbinə Əliyeva 1980-ci ildə anadan olub. O, 3-cü dərəcəli dövlət müşaviridir.

İxtisasca hüquqşunas olan S,Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, S.Əliyeva Yeni Azərbaycan Partiyasını (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir