Bəhruz Quliyev: Sosial-iqtisadi inkişaf prioritet istiqamətə çevrilib

“Azərbaycan Prezidentinin minimum əməkhaqqının, eyni zamanda, bəzi dövlət qurumlarının əməkhaqlarının artırılması ilə bağlı bu ilin iyun ayının 18-də imzaladığı sərəncamlar bu aydan qüvvəyə minir. Bildiyimiz kimi, bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev yeni və inqilabi islahatlar paketinin icrasının başlandığını bəyan edib. Artıq ötən müddət ərzində Azərbaycan xalqının bütün təbəqələri əldə edilən uğurları görür və alqışlayır”.

Bu fikirləri “İki  sahil” qəzetinə “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasəti şərh edərkən deyib.

Onun sözlərinə görə, hələ 2003-cü ildən İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı dövrdən sosial-iqtisadi inkişaf prioritet istiqamətə çevrilib. Bununla bağlı müxtəlif fərmanlar və sərəncamlar verilib, Dövlət proqramları həyata keçirilib. Artıq Azərbaycanda dördüncü Dövlət Proqramı qəbul edilib və hazırkı dövrə qədər reallaşdırılan proqramların hər biri ölkəmizdə bütün sahələrin inkişafına böyük töhfələr verib.

“Xüsusilə əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində atılan hər bir addım bu gün öz bəhrəsini göstərməkdədir. Bu aydan qüvvəyə minən sərəncamlar da hər bir çalışan vətəndaşın, həmçinin onun ailəsinin aylıq büdcəsində müsbət dəyişikliyə səbəb olacaq və ailənin maddi təminatını yüksəldəcək”, – deyən B.Quliyev xatırladıb ki, bu il reallaşdırılan iki sosial paket ümumilikdə, 4 milyondan çox vətəndaşımızı əhatə edir. Buraya minimum əmək haqlarından başlayaraq, minimum pensiyaların artırılmasına qədər müxtəlif istiqamətlərdə artımlar aiddir ki,  bu da aztəminatlı ailələrin, şəhid və müharibə veteranlarının ailələrinin, qaçqın və məcburi köçkünlərin və digər kateqoriyalardan olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Ekspert, həmçinin dövlət büdcəsinin gəlirlərinin mühüm hissəsinin bilavasitə məhz sosial sahələrə yönəldildiyini yada salıb: “Çünki sosial sahə dövlət başçımızın daim vurğuladığı kimi, prioritet istiqamət olmaqla diqqət mərkəzindədir. Bu mənada iqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır. Diqqət yetirsək görərik ki, təkcə problemli kreditlərlə bağlı qəbul edilən qərar nə qədər insanlarımızın sevincinə səbəb oldu. Bütün bunlar, əlbəttə ki, dövlətin diqqət və qayğısının sübutudur. Nəticə etibarilə əldə edilən nailiyyətlər xalq-iqtidar birliyinin təcəssümüdür ki, bu birlik Azərbaycanı daim, davamlı şəkildə irəliyə aparacaq, dünyanın lider dövlətləri sırasındakı yerini, rolunu möhkəmləndirəcək”.

Ceyhun Piriyev,

“İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir