Bakı: Xəzərin mirvarisi, gözəlliklər məskəni

Prezident İlham Əliyevin “İçərişəhər”in UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında”kı Sərəncamı milli-mənəvi dəyərlərimizə  göstərilən diqqətdir

Qədim tikililəri, əsrlərin daş salnamələri adlandırılan abidələri, ziyarətgahları ilə dünyada məşhur olan, Böyük İpək Yolunun üzərində yerləşən, Şərq mədəniyyət nümunələrinə xas ornamentlərini bu gün də yaşadan Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması tariximizin yaşadılması baxımından çox əhəmiyyətlidir.

Dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdən olan, Şərq ilə Qərbi birləşdirən Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir. Mənəvi sərvətlərimizə bağlılıq son illərdə daha da gözəlləşən, qədimliklə müasirliyin vəhdətində inkişaf edən paytaxtımız Bakının simasında daha aydın görünür. Bu gözəlliyin memarı ulu öndər Heydər Əliyevin Vətənə bağlılıq ənənələrini yaşadan Prezident İlham Əliyevin vətənpərvərlik hissindən yaranan yaradıcılıq palitrasının rəngləri ilə dəyişən Bakını “Şərqin Parisi” adlandıranların, “Bakı Moskva, Monte Karlo və Parisin sintezidir” deyənlərin sözlərində həqiqət var. Çünki müasir şəhərsalma mədəniyyətini biri-birindən gözəl tikililəri ilə yaşadan paytaxtımız Avropanın çoxsaylı meqapolislərindən biridir.

Paytaxtın müasir memarlıq sənətində tarixi abidələrimizi bəzəyən Şərq ornamentlərinin təkrarlanması keçmişimizə bağlılıq, tariximizə sahiblikdir. Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə paytaxtımızda və yaxın ərazilərdə tikinti-abadlıq işləri sürətləndirildi, əhalinin rahatlığı üçün mədəni-məişət obyektləri inşa olundu, yol-nəqliyyat infrastrukturu yeniləndi. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, dünyada tanıdılması istiqamətində möhtəşəm işlər görüldü. Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi və Əntiq Əşyalar Muzeyinin, Xalça Muzeyinin yaradılması, beynəlxalq və respublika səviyyəsində təşkil olunan muğam festivalları milli -mənəvi dəyərlərimizə göstərilən qayğıdır. “Bakının özünəməxsus, spesifik aurası, tarixi, tarixi siması vardır” söyləyən cənab İlham Əliyevin qayğısı sayəsində küləklər şəhəri olan paytaxtımızda çoxmərtəbəli binalar tikilir. Azərbaycanda qədim Zərdüştlük məbədi, Qafqazın ən qədim kilsəsi əsaslı şəkildə yenidən qurulub. 1270 yaşlı Şamaxı “Cümə” məscidi əsaslı təmir edilib. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən ziyarətgahı”nda, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə məscid”lərində , Bakıdakı Pravoslav kilsəsində təmir- bərpa işləri aparılıb.

Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı “İçərişəhər”in UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında”kı Sərəncamı da milli-mənəvi dəyərlərimizə göstərilən diqqətin ifadəsidir. Sərəncamda qeyd olunduğu kimi, İçərişəhər ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız Qalası ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi milli-mənəvi dəyərlərimizin təbliğidir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir. Hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu “muzey-şəhər” ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında Ümumdünya İrs Siyahısına salınması, onun ümumbəşəri dəyər kimi qəbul edilməsi və layiqincə qiymətləndirilməsi Azərbaycanın UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın möhkəmlənməsinə güclü təkan vermişdir. Ötən müddətdə İçərişəhərdə vahid idarəetmə sistemi yaradılmış, buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmaqla, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilmişdir. Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülmüş, yeni muzey ekspozisiyaları açılmış, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənmişdir. Sərəncamda qeyd olunur ki, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

Azərbaycanın milli-mənəvi dəyərlərindən olan muğamın, aşıq, tar ifaçılıq, kələğayı sənətlərinin, Azərbaycan xalçasının, Novruz bayramının, qədim çövkən oyununun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində də Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olmuşdur. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü illik sessiyasının Bakıda keçirilməsi, Şəki xan sarayının Ümumdünya İrs Siyahısına salınması da UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatla qarşılıqlı əməkdaşlığının bəhrəsidir.

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında Bəyannamənin imzalanması, İtaliyada “Azərbaycan Mədəniyyəti İli”nin elan olunması Azərbaycan xalqının mənəvi dəyərlərinin beynəlxalq aləmə təqdimatıdır. Mehriban xanım Əliyevanın bildirdiyi kimi, biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik.

? Xuraman İsmayılqızı,

“İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir