Bakı Zirvə Görüşünün Yekun Sənədinə aqressiv münasibət Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu sübut edir

Ermənistan hakimiyyətinin uğursuz xarici siyasəti və beynəlxalq siyasi hadisələrə qərəzli yanaşması əslində bu ölkənin sivil idarəçilik prinsiplərindən nə qədər kənar olduğunu sübuta yetirir.

Bu fikri AZƏRTAC-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev söyləyib.

Ekspert deyib ki, əslində Ermənistan tərəfinin Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Sənədinə qarşı bu qədər aqressiv münasibət göstərməsi təcavüzkar ölkənin çıxılmaz vəziyyətdə olduğunu sübut edir. Ermənistan Qoşulmama Hərəkatında iştirak edən 120 ölkənin, eləcə də beynəlxalq qanunların qarşısında dalana dirənib. Bu ölkənin rəsmi xarici siyasət orqanı Yekun Sənədi dəstəkləyən ölkələrə qarşı aqressiya göstərdi və həmin aqressiv münasibəti ilə özünün tələb edilən beynəlxalq normalara, prinsiplərə nə qədər uzaq olduğunu sərgilədi. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı həm də belə deməyə əsas verir ki, işğalçı ölkə 120 dövlətlə körpüləri yandırdı. Hətta nəzərə alarsaq ki, Ermənistan, eyni zamanda, bir sıra beynəlxalq təşkilatların qətnamə və qərarlarına da etinasızlıq göstərirsə, ərazilərimizi bu gün də işğalda saxlayırsa, deməli, bu ölkə birbaşa təcavüzkar olduğunu etiraf edir. Ona görə də Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi artıq həmin ölkələr tərəfindən də birmənalı olaraq qınanılır, xüsusilə Ermənistanın mövcud rejiminin dalana dirənməsi reallığını sürətləndirir. Artıq Ermənistanın hakim rejimi də anlamağa başlayıb ki, yürütdüyü təcavüzkar siyasət onu get-gedə dünyadan təcrid edir, uzaqlaşdırır və məhvə doğru sürükləyir. Qoşulmama Hərəkatının üzv dövlətləri daxil olmaqla, bütövlükdə dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyini dəstəkləməsi, bu istiqamətdə çoxsaylı bəyanatların verilməsi dövlətimizin rəhbərliyinin uğurlu diplomatiyasının bariz sübutudur.

Ekspert bildirib ki, bu gün Ermənistandan fərqli olaraq, Azərbaycan dünyada baş verən qlobal hadisələrə münasibət bildirir, beynəlxalq antiterror hərəkatına dəstəyini göstərir, dünyanın enerji layihələrində təşəbbüskar və iştirakçı olaraq çıxış edir, ən böyük dünya miqyaslı tədbirlərə ev sahibliyi edir, bütövlükdə öz etimadını daim yüksəldir, möhkəmləndirir. Əlbəttə, belə olan halda, ölkəmizin xarici siyasəti də öz münbit nəticələrini verir ki, əldə edilən uğurlar işğalçı ölkəni çıxılmaz vəziyyətə salır. Nəticədə Ermənistan bu cür siyasi uğursuzluğa və məğlubiyyətə düçar olur. Bu, həm də təəccüb doğurmayacaq bir reallıqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir