Bakıda heyvan kəsimi və satışı məntəqələrində iyrənc mənzərə – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Bakı şəhərinin Binəqədi, Nərimanov və Xətai rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydlər keçirilib.

Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub.

Keçirilən monitorinqlər zamanı koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd edək ki, bu tədbirlər çərçivəsində AQTA hazırda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri aparır. Agentlik tərəfindən indiyədək bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.

Agentlik bir daha vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, bu sahədə müşahidə olunan qanunsuz fəaliyyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir