Bircə davranışı ilə minlərlə insana örnək olan xanım – Şəbnəm Tovuzlu – foto

178

Əziz oxucular!

Bildiyiniz kimi, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq, 44 gün ərzində  işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad etdi. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, həm də xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə köklədi.
Hamı bacardığı qədər əsgərlərimizə yardım etməyə can atdı. Kimi yardımlar toplayıb apardı, böyük şirkətlər, idarə və nazirliklər isə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürdü.

Bu yazımda mən ayrı-ayrı şirkətlər haqqında yox, məhz Tovuz kimi dillər əzbəri səfalı bölgəmizin təmsilçisi olan sevimli müğənnimiz Şəbnəm xanım Tovuzlunun  arxa cəbhədə tutduğu vətəndaş mövqeyindən bəhs edəcəyəm. Belə ki, ayrı-ayrı tarixlərdə, müxtəlif sovqatlarla hər dəfə ön cəbhədə canıyla, qanıyla Vətən keşiyində dayanan, sinəsini düşmən gülləsinə sipər etməkdən çəkinməyən vətən oğullarına öz növbəsində dayaq olmağa, həmrəy olmağa cani-dildən çalışan Şəbnəm Tovuzlu məlum dönəmdə Moskvada keçirdiyi konsert proqramı da çox maraqlı və uğurlu alındı desəm, heç də yanılmaram.

Bir çoxları bilib-bilmədən onu tənqid hədəfinə tuşlasa da, əslində belə deyil. Hərənin bir qazanc yeri olduğu kimi, Şəbnəm xanımın da qazanc yeri onun istedadı, sayı milyonlarla ölçülən tamaşaçı, dinləyici auditoriyasına onu sevdirən məhz şirin avazı, rəngarəng performansıdır.

O da danlmazdır ki, şanlı ordumuzun tarix yazdığı 44 gündə böyükdən-kiçiyə hamının dilində əzbər səslənən, ruhunu məlhəm kimi oxşayan,

Qarabağ Azərbaycandır,

Ona canımız qurbandır.

Türkiyə – Azərbaycan,

Bir ürəkdir, bir candır –

misraları məhz Şəbnəm xanımın ifasında sevildi.

Konsertdən götürdüyü gəlir hesabına bu xanım Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə tələbata uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşınını cəbhənin müxtəlif istiqamətlərinə yola salıb. Həmin yük maşınlarının içində ərzaq, isti yeməklər, isti geyimlər, gigiyenik əşyalar, istilik sobaları, müxtəlif qida növləri və təbii şirələr, sular ön cəbhədə döyüşən əsgərlərə yollanıb. Şəbnəm xanım yaralı əsgərlərimizi, qazilərimizi də diqqətdən kənarda saxlamayıb. Onun sovqatları arasında eyni zamanda, əlil arabaları, əlillər üçün nəzərdə tutulmuş qoltuq ağacları və s. də yer alıb.

Xanım ifaçı bu yöndə lazım olan fəaliyyətini daim davam etdirəcəyini bəyan edir və bu əməlləri ilə qürur duyduğunu bildirir.

Biz də öz növbəmizdə Şəbnəm xanımın timsalında bütün xeyirxah insanlara belə deyirik: “VAR OLSUN YAXŞILAR VƏ YAXŞILIQLAR!”

P.S. “Nə az-nə çox, 7 il bundan öncə, Xəzər TV-də minlərlə tamaşaçının sevərək izlədiyi aparıcı Ağakərim Əbülfətoğlunun təqdimatı ilə “Ləziz dad” proqramı yayımlanırdı. Həmin proqramda iştirak edib, özümü sınamaq üçün studiyaya mən də yollandım. Nə xoş təsadüf ki, Şəbnəm Tovuzlunu da ilk dəfə orda gördüm. Final çəkilişinə təsadüf etmişdim. Mətbuatla əlaqəm olduğu üçün məni içəri buraxıb canlı-canlı tamaşa etməyimə imkan yaratdılar. Mən ilk dəfə Şəbnəm xanımın necə səxavətli insan olmasını onda görmüşəm. Yarışmada qalib gəlib 500 AZN hədiyyəni qazandığı halda, pulun 300 manatını ikinci yeri tutan Siyasət adlı bəyə təqdim edən bu xanımin qısa monoloqu da indiki kimi qulağımda səslənir: “Biz şou əhli kimi bu məbləği hər necə gündən bir qazana bilərik, amma istərdim qələbə payımı Siyasət bəylə paylaşım, onun ikinci pilləyə çatmasında əməyi danılmazdır”.  İlk görüşdəcə rəğbətimi qazanan Şəbnəm Tovuzlu yəqin özü də etiraf edər ki, 2014-cü ildə o, indiki kimi dillər əzbəri ifası ilə gündəmdə deyildi. Ancaq bircə davranışı ilə bütöv bir bölgənin adını yüksəldən bu xanıma EŞQ OLSUN deyirəm!

Mənzər Qurbanova,

“aztv.news”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir