“Bu Şəhərdə” – 20: Bu gün onların yubiley bayramıdır

“Bu şəhərdə” teatrının bu gün 20 yaşı tamam olur.

Bu barədə “Bu şəhərdə”nin ssenari müəllifi və rəhbəri Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, “Bu şəhərdə”nin yaranması ilə bağlı tarixin 2000-ci ilin noyabrında göstərilməsi simvolik xarakter daşıyır:

“Bilirsiniz ki, “Bu şəhərdə” hər il mart konsertlərini 8 Mart Qadınlar Gününə həsr edir. Ona görə noyabr konsertlərini ad günümüzlə əlaqələndiririk. Belə demək mümkündürsə, xanımlara görə ad günümüzü noyabr ayına keçirmişik. Əslində isə “Bu şəhərdə”nin ilk efiri 20 marta təsadüf edir. Rafaellə Coşğunun hazırladığı və “Qorodok” verilişinin prototipi olan, yəni lətifələrin canlandırılması ilə hazırlanan ilk pilot layihə 2000-ci il martında çəkilib. Həmin vaxt Speys TV-nin rəhbərliyində təmsil olunan sevimli rejissorumuz Mehriban Ələkbərzadə isə ilk çəkilişə baxan kimi bəyənib və onu pilot layihə olaraq deyil, birbaşa efirə məsləhət görüb. Beləliklə, 20 mart 2000-ci ildə Speys TV-nin efirində “Bu şəhərdə”nin ilk buraxılışı yayımlanıb”.

M.Abbasov bildirib ki, ilk buraxılışlarda “Bu şəhərdə”də təmsil olunmayıb, onun yaradıcıları Rafaellə Coşğundur. Yalnız 2000-ci ilin sonunda “Bu şəhərdə”dən ona təklif gəlib:

“Həmin dövrdə mən KVN-nin ssenari müəlliflərindən biri idim və təbii ki, bu təklifi qəbul edə bilməzdim, vaxt baxımından çatdırmayacaqdım. 2001-ci ildə rəhmətlik Anar Məmmədxanov KVN-nin son konsertini verdikdən və “Bakılı oğlanlar”ın buraxıldığını elan etdikdən sonra mən “Bu şəhərdə”nin təklifini qəbul etdim. 2002-ci ildə isə rəsmi qeydiyyatdan keçdik”.

M.Abbasov həmçinin deyib ki, “Bu şəhərdə” 2002-ci ildən formatını dəyişib və lətifələrin canlandırılmasından imtina edərək, müəllif ssenariləri ilə səhnəciklərin hazırlanmasına başlanılıb:

“Verilişin orijinalının – “Qorodok”un müəllifləri Yuri Stoyanov və İlya Oleynikovla 2005-ci ildə Soçidə tanış olduq və mən onlardan, bir növ, halallıq da aldım. Onlar isə “Qorodok”un artıq dünyanın 38 şəhərində prototipinin yarandığını bildirərək, uğurlar arzuladılar və beləcə, onlarla da əməkdaşlığımız yarandı”.

M.Abbasov qeyd edib ki, hazırda “Qorodok”un prototiplərinin əksəriyyəti efir ömrünü başa vurub, “Bu şəhərdə”nin yaşamasının səbəbi isə teatra çevrilməsi və formatını dəyişməsidir:

O, bu ilin noyabr ayında “Bu şəhərdə”nin 20 illik yubileyini keçirmək niyyətində olduqlarını da vurğulayıb:

“İlya Oleynikov dünyasını dəyişib, ancaq Yuri Stoyanov sağdır və onu yubileyimizə dəvət etmək niyyətindəyik. Koronavirus imkan versə, ideyalarımızı gerçəkləşdirəcəyik”.

M.Abbasov 2000-ci ildə “Bu şəhərdə”nin ilk verilişinin hazırlanması zamanı çəkilən fotonu da paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir