Daha bir həkim koronadan öldü: Paşayevadan çağırış

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Bu barədə millət vəkili Qənirə Paşayeva məlumat yayıb.
“Bu gün çox ağır bir gün oldu mənimçün. Məktəb illərindən yaxından tanıdığım, gözəl həkim, əsl insan Ceyhun bəy bir az öncə COVİD-19-dan həyatını itirdi. Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi…
Ceyhun bəyin Tibb Universitetində oxuduğumuz illərini xatırlayıram. Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu – çox sevdiyi həkimlik peşəsinə yiyələnmək üçün min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış COVİD-19-un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində – ilk simptomlar artıq özünü büruzə verməyə başlayanda xəbərim olsaydı, onu həmin dəqiqə peşəkar həkim heyətinə çatdırardım. İcazə verməzdim saatlar itirsin. Xəstəlik elə sürətlə irəliləmişdi ki, mənə xəbər verəndə artıq süni tənəffüs aparatının altında belə qanda oksigenin səviyyəsi çox aşağı idi. Məlumat alan kimi 30-40 dəqiqə içində onu 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirməyə nail ola bildik. O, xüsusi tənəffüs aparatına qoşulanda sevindik. (Təəsüf ki, indi bu aparata ehtiyacı olanlarımız, reanimasiyada intensiv müalicə alan vətəndaşlarımız heç də az deyil.) Amma xəstəxanaya çatdırılandan 15-20 dəqiqə keçməmiş onun vəfat etməsi xəbəri ilə sarsıldıq… Nə gizlədim, hər gün millət vəkili kimi mənə müraciətlərə əsasən ən azı 2-3 ağır xəstəni, səhərin erkən saatları, gecədən keçmiş demədən, xəstəxanaya yerləşdirmək üçün çalışırıq. Hər gün COVİD-19-dan ağır vəziyyətə düşən xəstələrin ailələrinin göz yaşı və acısını paylaşırıq. Çox sarsılmışıq, çox…” – Qənirə Paşayeva bildirib.
Millət vəkili Azərbaycan vətəndaşlarına müraciət edib
“Əziz həmvətənlərim, seçicilərim, oxucularım, dostlarım! Qlobal pandemiyanın tüğyan etdiyi bu günlərdə sizdən xahiş edirəm, bu azsa, təkrarən və dərindən xahiş edirəm, yetməzsə, bir doğmanız olaraq, yalvarıram: Özünüzü qoruyun! COVİD-19-a etinasız yanaşmayın! Özünüzü qorumasanız, sevdiklərinizi də qoruya bilməyəcəksiz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir