Deputat: Əli Kərimli reallıq hissini itirib

25 ildən artıqdır ki, hakimiyyət sevdası ilə özünü oda-közə atan AXCP lideri Əli Kərimli yenidən partiyasına adam axtarışına çıxıb. Onun öz “Facebook” səhifəsində paylaşdığı sonuncu status bunu deməyə əsas verir. Kərimli hər kəsi rəhbəri olduğu təşkilata üzv olmağa çağırıb, bunun üçün hətta pafoslu cümlələr belə işlədib, statusunun ilk rəyində üzvlük anketini yerləşdirib.

Statusda açıq şəkildə şişirdilmiş statistikalar diqqət çəkir. O, AXCP-nin ölkənin ən yaxşı təşkilatlanmış partiyası olduğunu qeyd edir, 70-dən çox rayonda mindən artıq dayaq dəstələrinin olduğunu bildirir, hər ay yüzlərlə vətəndaşın partiyasına qoşulduğunu söyləyir.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu qəzetimizə açıqlamasında söylədi ki, Əli Kərimli reallıq hissini itirib və hazırda real siyasətlə deyil, “feyk siyasətçi”  kimi virtual platformada virtual siyasətlə məşğul olur: “Azərbaycanın siyasi sistemi isə ölkəmizin reallıqları əsasında formalaşıb və bu sistemdə Əli Kərimli kimi daxili siyasi aktor ya yoxdur, ya da o qədər kiçikdir ki, böyük siyasi proseslərdə görünmür. Ona görə də Əli Kərimlinin “Facebook” sosial şəbəkəsi üzərindən tərəfdaş axtarışına çıxması təbiidir. Ancaq Azərbaycanın siyasi sistemi kifayət qədər mühafizəkardır və daxili aktorlar baxımından da zəngindir. Çoxpartiyalı siyasi sistemin gərəyi olaraq təkcə Milli Məclisdə xeyli sayda partiya liderləri təmsil olunurlar ki, onların hər biri əhalinin müəyyən faizinin səsi ilə parlamentə düşməyi bacarıb. Bunun üçün isə milli maraqlara söykənən konstruktiv siyasət həyata keçirmək lazımdır. Azərbaycan cəmiyyəti və seçicisi yalnız dövlətçilik maraqlarına xidmət edən konstruktiv və etirafçı siyasəti qəbul edir. Xaricdən siyasi sistemimizə ötürülən təhlükəli siyasi impulsları rədd edir. Bu keyfiyyət bizim siyasi sistemimizin xarakterik xüsusiyyətidir və yüksək qiymətləndirilməlidir. Yaxşı olar ki, “feyk siyasətçi”lər real siyasətlə məşğul olmaq fikrinə düşəndə bunları nəzərə alsınlar”.

Mənsumə Babayeva,  “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir