Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır

İlham Əliyev: “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır”

Hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən mühüm amillərdən biri sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, ictimai həyatın bütün sahələrində davamlı yüksəlişə nail olması, qlobal böhran şəraitində qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi də, ilk növbədə, bu sahəyə göstərilən qayğının nəticəsidir. Ümumilikdə götürüldükdə, deyə bilərik ki, xüsusən, son illərdə özəl sektorun, azad sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində çox böyük işlər görülüb. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, qanunlar, dövlət proqramları azad sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Həqiqətən, son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni zavod və fabriklərin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sosialyönümlü müxtəlif problemlərin yoluna qoyulması azad sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur. Hazırkı mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi azad sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsi, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını və s. tələb edir. Heç də təsadüfi deyil ki, sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 15 il, həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu gün dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən sahibkarların sayı 4,2 dəfə artıb. İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kreditlər verilib.Məhz sahibkarlığın inkişafı, biznes mühitinin, davamlı olaraq, yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər 2019-ci ildə də uğurlu nəticələr verir. Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi göstərişlər və tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib. “Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır” deyən Azərbaycan Prezidenti, hələ bir neçə il öncə, hər bir sahə üzrə konkret proqramları – planların və böyük maliyyə resurslarının olduğunu söyləyəndə, məhz belə layihələri nəzərdə tuturdu.

Sahibkarlara böyük dəstək olacaq yeni agentlik

Bu ilin iyun ayında Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayaraq, qurumun nizamnaməsi və strukturunu təsdiqlədi.Düzdür, hazırda Azərbaycanda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif xidmətlər (o cümlədən, məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına yaxşı imkan yaradır. Buna görə də, KOB İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dostuna çevrilməsi və eyni zamanda, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir.Qeyd etmək lazımdır ki, ilk “KOB Dostu” cənub bölgəsində yaradıldı.

Orxan Məmmədov: “Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir”

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək, bildirib ki, agentliyin yaradılması dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisidir: “Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi sahəsində effektivliyin artırılması, çoxsaylı dəstək mexanizmlərinə sahibkarların rahat çıxışının təmin edilməsi, biznes subyektlərinin maraqlarının müdafiəsi əsasında bu sektorun davamlı inkişafının təmin edilməsindən ibarətdir. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir”.O.Məmmədov, onu da vurğulayıb ki, 10 iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi yaradılacaq. Ümumiyyətlə, “KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə, həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək.Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş Cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır. Məhz elə buna görədir ki, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir.Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, ötən illərdə olduğu kimi, dövlətimiz bundan sonra da, azad sahibkarlığın, qeyri-neft sektorunun inkişafına öz dəstəyini verəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir