Elmar Məmmədyarov: Niderland-Azərbaycanın qeyri-neft sektorunun əsas investorlarından biridir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı ilə Amsterdam arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

“Niderland ikitərəfli formatda olduğu kimi, çoxtərəfli formatlarda da Azərbaycanın yaxın müttəfiqi və etibarlı tərəfdaşıdır”, – E.Məmmədyarovun Niderlandın “Diplomat magazine” nəşrinin səhifələrində dərc olunan məqaləsində deyilir.

XİN rəhbəri diplomatik əlaqələrin 1 aprel 1992-ci ildə qurulduğu ölkələr arasında ikitərəfli əməkdaşlığın müsbət xarakterini qeyd edib.

“Azərbaycanla Niderland arasındakı münasibətlər dövlətin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmətə əsaslanır, iki ölkə arasında əməkdaşlıq ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizm və s. sahələri əhatə edir”, – nazir bildirib.

Ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə toxunan E.Məmmədyarov qeyd edib ki, 2018-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 181.83 milyon dollar təşkil edib.

“Azərbaycan məhsullarının Niderlanda ixracı 77,9 milyon dollar, Niderland məhsullarının Azərbaycana idxalı isə 103,8 milyon dollar təşkil edib”, – Məmmədyarov deyib.

XİN rəhbərinin sözlərinə görə, Niderland Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda əsas investorlarından biri olaraq qalmaqda davam edir.

“Niderland şirkətlərinin genişmiqyaslı layihələri logistika, nəqliyyat, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı kimi sahələri əhatə edir.

Uğurlu layihələr sırasına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının layihələndirilməsi və inşası, Abşeron yarımadasındakı göllərin neft tullantılarından təmizlənməsi üçün həll yollarının təmin edilməsi, Niderlandın kənd təsərrüfatı təcrübəsindən və “nou-hau”dan istifadə etməklə Azərbaycanda model təsərrüfatın yaradılması daxildir”, – nazir qeyd edib.

Elmar Məmmədyarov həmçinin logistika sahəsində ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyətini, bu əməkdaşlıq sayəsində ilk sınaq konteynerinin Venlodan Azərbaycan ərazisi vasitəsilə Çinə göndərilməsini qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını öyrənmək üçün Venlo şəhərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndəliyinin açılması planlaşdırılır.

“Son illər turizm sahəsində əməkdaşlıq davamlı şəkildə artır. Getdikcə daha çox hollandiyalı turist tətil zamanı Azərbaycan təbiətinin gözəlliklərindən zövq almağı üstün tutur”, – Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinin keçirilməsinin turistlərin ölkəmizə marağının artmasına səbəb olduğunu qeyd edən nazir vurğulayıb.

E.Məmmədyarovun sözlərinə görə, hazırda Bakı ilə Amsterdam arasında birbaşa uçuşların açılması üçün danışıqlar aparılır.

O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndiyini də qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir