Göygöl rayon məhkəmə icraçıları qanunun tələbi ilə şəffaf şəkildə fəaliyyətini davam etdirir – foto

Əziz oxucular!

Öncəliklə qeyd etmək istəyirəm ki, insan hüquqlarının və azadlıqlarının tərkib hissəsi kimi respublikamızda yaşayan hər bir vətəndaşın həyatının və sağlamlığının toxunulmazlığı dövlət tərəfindən qorunur və müdafiə olunur. Eyni zamanda əhalinin digər hüquqları kimi mülkiyyət hüququnun qorunması və müdafiə olunması da dövlət tərəfindən təmin edilir. Hər hansı şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır və bu kimi hərəkətlər müvafiq məsuliyyətə səbəb olur.

Yuxarıda sadalanan həyat əhəmiyyətli ünsürlər ölkəmizdə məhkəmələrdə çıxarılan ədalətli hökmlə öz həllini tapır.

Məhkəmə kimi əhəmiyyətli dövlət orqanında sözün əsl mənasında qanuna qulluq edən peşəkar kadrların çalışması çox sevindirici haldır. Belə kadrlardan biri də Göygöl rayon məhkəmə icrasının rəisi Əliyev Orxan Zakir oğludur.

Cavan olmasına baxmayaraq, işinə olduqca məsuliyyətli və peşəkar yanaşan Orxan müəllimdən məhkəmələrlə bağlı oxucularımıza məlumat verməsini xahiş etdik.

Orxan Əliyevin dediklərindən:

“Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliyinin təmin edilməsi demokratik, hüquqi dövlət qurmağa doğru gedən ölkəmizdə xüsusi əhəmiyyət kəsb edir.

Dövlət adından çıxarılan hökm həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Mühüm prosessual sənəd olan hökm cinayət və cinayət-prosessual qanununun tələblərinə uyğun surətdə tərtib edilməklə yanaşı, məhkəmə mədəniyyəti nümunəsi olmalıdır. Bu isə özünü nəinki hökmün məzmununda, həmçinin onun formasında, rəsmi-işgüzar yazı stilində öz əksini tapmalıdır. Hökm səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. İşin hallarına aid olmayan məlumatların hökmə daxil edilməsi yolverilməzdir.

Məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə hərtərəfli tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər”.

Sonda Orxan müəllim onu da vurğuladı ki, ölkəmizdə pandemiya şəraiti ilə əlaqədar olaraq ara-sıra məhkəmələrin də fəaliyyəti onlayn formaya keçsə də, Göygöl rayon məhkəmə icraçıları həmişə qanunun tələbləri ilə şəffaf şəkildə fəaliyyətini davam etdirir.

Ətraflı və rahat məzmunlu izahatı üçün Orxan Əliyevə dərin minnətdarlığımızı bildiririk.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir