Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir

Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir. Bu münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər iyulun 15-də Milli Məclisdə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidzigurinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə səsləndirilib.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov deyib ki, iki ölkə arasında müzakirəsi mümkün olmayan heç bir məsələ yoxdur. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirlər. İki ölkə arasında iqtisadi sahədə də yaxşı əməkdaşlıq var.

Zviad Dzidziguri ölkələrimizin parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. “Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni edirik. Bizim üçün çox xoşdur ki, bütün münasibətləri müzakirə edə biləcək qədər yüksək münasibətlərimiz var”, – deyə parlament sədrinin müavini bildirib.

Gürcüstan parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Sofio Katsarava Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməsinin qarşılıqlı münasibətlərin daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan xalqının dostluq ənənələrinə hər zaman sadiq olduğunu deyib. O əlavə edib ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər buna bariz nümunədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir