Cəlilabad bazardına yazılmamış “qanun”lar var – foto

Bu gün Cəlilabad bazarlarında hökm sürən natəmizlik çoxlarına məlumdur. Cəlilabadın ən böyük bazarı zibillik içində batanlardan ən öndə gedənidir. Bunun şahidi olmaq üçün isə bazara bir addım atmaq kifayət edir. Çünki bazara addım atar-atmaz üfunət iyi sanki adamı geri itələyir. Səbəb isə bu bazarda həmişə antisanitar vəziyyətin hökm sürməsidir. Belə ki, bazara nə vaxt daxil olsan, orada qalaqlanmış zibil tullantılarını, ayaq altında qalan meyvə-tərəvəzi, zibil sellofanlarını görmək mümkündür.

Bazardakı qoxudan isə, danışmağa belə dəyməz. Çünki bazarda bütün qoxular bir-birinə qarışır ki, bu da çox bərbad üfunət iyinin ortaya çıxmasına səbəb olur. Çünki ət, balıq, pendir, süd məhsulları açıq şəkildə bazarda yerlərə qoyularaq satılır. Bu mövzunu gündəmə gətirməyimizin əsas səbəbi karantin qaydalarının yumşalması ilə əlaqədar bazarlarda gigiyenik qaydalara əməl olunması məsələsinin yenidən aktuallaşmasıdır. Çünki, qidaların açıq havada saxlanması daha çətindir. Meyvə-tərəvəzin, ət və süd məhsullarının üzərinə milçəklərin yığışması, toz-torpağın qidaların üstünə toplanması natəmiz vəziyyət yaradır. Təbii olaraq da, ortaya heç xoş olmayan görüntülər çıxır. Sözügedən bazardakı mövcud durumla bağlı dəfələrlə mediada müxtəlif yazılar dərc olunub. Amma nə fayda? Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Çünki hər dəfə də, bazarlara gedərkən, eyni mənzərə ilə qarşılaşırıq. Bu səbəbdən də, artıq bazarlardakı vəziyyət bir növ vətəndaşlar üçün adiləşib. Oradakı səliqəsizlik, natəmizlik, üfunət iyi heç kimə qeyri-adi gəlmir. Sanki elə belə də, olmalıdır. Səliqə-sahman bir yana, bazara girəndə nəyin harada satıldığını müəyyənləşdirmək üçün də, hələ bir müddət müşahidə aparmaq lazım gəlir.

Koronavirusun yayıldığı dönəmdə bazarda vəziyyət daha da gərginləşib. Görünən odur ki, aidiyyatı qurumların rəsmi nümayəndələri bazar sahibini inzibati qaydada cərimələməli və bir sıra məhsulların satışını qadağan etməlidir.

Ümumiyyətlə, bazarın əsas problemləri sırasında yalnız antisanitariya yer almır. Bura bazardakı fırıldaq tərəziləri də əlavə etmək yerinə düşərdi. Bu bazarda satıcılar özləri tərəzi ala bilmirlər. Çünki bazar rəhbərliyinin öz qayda-qanunları var. Belə ki, hər bir satıcı rəhbərlik tərəfindən satılan tərəzi almalıdır və həmin tərəzilər üçün hər ay 10 manat pul ödəməlidir. Yox əgər “qanun”la razılaşmayan olsa, o zaman həmin şəxs bazarda nəsə mal sata bilməz. Böyük ehtimalla bazar rəhbərliyinin həmin tərəziləri satmaqda məqdəsi və niyyəti var. Çünki elə olmasaydı, hər bir satıcı özü bir dəfə tərəzi alar və hər ay tərəzi üçün 10 manat pul ödəməzdi. Bundan başqa, Cəlilabad bazarında yer götürüb meyvə-tərəvəz satmaq da, müşkül məsələdir. Çünki hər piştaxtanın öz qiyməti var. Qiymətlər isə 100-150 manatdan başlayır. Bu bir daha sübut edir ki, bazarda həqiqətən də yazılmamış “qanun”lar var.

Mövzunu diqqətdə saxlayacağıq.

Bizi izləyin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir