İcbari tibbi sığortanın tətbiqində dəyişikliklər: yeniliklər nədən xəbər verir?

Xəbər verildiyi kimi, icbari tibbi sığortanın ölkədə tətbiqi ilə bağlı əvvəlcədən açıqlanan qrafik və sığorta ilə bağlı bəzi qaydalar dəyişib. Bu,”Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə edilən 126 əlavə və dəyişikliklə bağlıdır. Qeyd edək ki,  Milli Məclisdə  sözügedən qanuna əlavə və dəyişiklik layihəsi birinci oxunuşda qəbul olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, bununla da icbari tibbi sığortanın tətbiqi ölkə üzrə eyni vaxtda deyil, mərhələli şəkildə başlanacaq. Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4 hissəyə bölünəcək. Yanvarın 1-dən tətbiq ediləcək icbari tibbi sığorta əvvəlcə ölkənin şimal bölgəsinin 20 rayonundan başlayacaq və hər üç aydan bir digər rayonlar da qoşulacaq. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək.

Digər bir mühüm dəyişiklik isə icbari tibbi sığorta üzrə sığorta haqları ilə bağlıdır. Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əməkhaqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, eyni zamanda, həmin kateqoriyaya aid edilən sığorta olunan tərəfindən işçinin əməkhaqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 min manatadək  (8 min manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1  faizi, 2021-ci ildən etibarən isə 2 faizi icbari tibbi sığortaya cəlb ediləcək.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən isə işçinin əməkhaqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi, həmçinin həmin kateqoriyadan olan sığorta olunan  tərəfindən işçinin əməkhaqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 min manatadək  (8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqqı ödəyəcəklər.

Müqayisə üçün deyək ki, əvvəlki variantda ancaq Milli Məclis və ölkə başçısı tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanların aylıq məvaciblərinin 2 faizi məbləğində, işəgötürənlərin isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi məbləğində, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülki-hüquqi xarakterli (xidməti) müqavilə ilə çalışan şəxslərin və işsizlərin illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcəkləri nəzərdə tutulmuşdu.

“İki sahil” qəzeti icbari tibbi sığortanın digər məqamlarına da aydınlıq gətirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ilə müraciət edib.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkədə icbari tibbi sığortanın tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili yardım xidməti, ambulator, stasionar, həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər daxildir.

Bununla belə, Agentlikdən qeyd edilib ki, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Eyni zamanda, xidmətlər zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı da hazırlanıb.

Nəticə etibarilə icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin əməkhaqlarının artacağı gözlənilir. Bununla bağlı Agentlikdən vurğulanıb ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Lakin hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” da müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Ümumilikdə isə icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsi hesab edilir. Beləliklə də, icbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin yeni formasıdır və sistemin tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirməsinə xidmət edəcək. Bununla da icbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisələrinin idarəedilməsinin təkmilləşəcəyi, əhalinin tibbi xidmətlərə əlçatanlığının artacağı, səhiyyə müəssisələri, eləcə də tibb işçiləri arasında sağlam rəqabət mühitinin yaranacağı gözlənilir.

Belə hesab edilir ki, icbari tibbi sığorta səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaranmasına, səhiyyə resurslarını özündə cəmləşdirməklə xərclərin daha səmərəli istifadəsinə imkan verəcək.

Agentlikdən o da xatırladılıb ki, ölkə başçısının müvafiq Fərmanının icrası məqsədilə Agentlik tərəfindən 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır.

Bildirilib ki, İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri edib. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.

Ceyhun Piriyev, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir