İlham Əliyev yeni mərkəz yaratdı – FƏRMAN

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılıb.

Müəyyən edilib ki:

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

Mərkəzin idarəetmə orqanlarının yaradılması;

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

TƏBİB-ə:

Bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

TƏBİB:

Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir