İnternat məktəbində Yeni il şənliyi – FOTO

Dekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.

Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.

Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.

İnternat məktəbi ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi 1962-ci ildən fəaliyyət göstərir. Məktəbdə təhsil alan şagirdlər eşitmə məhdudiyyəti olan uşaqlardır.

Hazırda internat məktəbində 210 şagird təhsil alır, onlardan 120 nəfəri müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 39 müəllim və 28 tərbiyəçi məşğul olur. İnternat məktəbində  ümumtəhsil fənlərindən əlavə, “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, həmçinin, “Mimika və daktioloji iş” dərsləri 13 loqoped müəllim tərəfindən fərdi şəkildə  tədris olunur.

Xüsusi internat məktəbi 2015-ci ilin noyabr ayında əsaslı təmir və tikinti işləri yekunlaşdıqdan sonra şagirdlərin istifadəsinə verilib.

Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən xüsusi internat məktəbinin yataqxana korpusu əsaslı təmir olunaraq müasir tələbələrə cavab verən yeməkxana, istirahət və yataq otaqları ilə təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir