İqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır – BƏHRUZ QULİYEV

“Bildiyimiz kimi, bu ilin əvvəlindən başlayaraq, Prezident İlham Əliyev yeni və inqilabi islahatlar paketinin icrasının başlandığını bəyan edib. Artıq ötən müddət ərzində Azərbaycan xalqının bütün təbəqələri əldə edilən uğur və nailiyyətləri görür və alqışlayır”.

Kelbecertv.com xəbər verir ki, bu fikirləri Olaylar.az saytına “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi müşavirəni şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda dördüncü Dövlət Proqramı qəbul edilib və hazırkı dövrə qədər qədər reallaşdırılan proqramların hər biri ölkəmizdə bütün sahələrin inkişafına nəhəng töhfələrini verib: “Xüsusilə, əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində atılan hər bir addım bu gün öz bəhrəsini göstərməkdədir. Məhz bu gerçəkliyin özü xalqın dövlətə olan etimadını, o cümlədən dövlətin xalqa arxalanması amilinə çox böyük stimul verir. Növbəti Dövlət Proqramı qazanılan uğurların məntiqi davamıdır. Çünki dövlət başçısı xalqın firavanlığının daha da artırılmasını istəyir, bu yöndə vətəndaş-dövlət birliyinə söykənən strategiya qurur. O da əbəs deyil ki, cənab İlham Əliyev çıxışında son illərdə bir sıra layihələrlə bağlı çoxsaylı işlərin aparıldığını desə də, həllini tapmayan bəzi məsələlərin də olduğunu vurğulayıb. Ona görə də növbəti Dövlət Proqramının yerdə qalan məsələlərin həlli üçün vacibliyini xüsusilə qeyd edib. Baxın, ölkədə elektrik enerjisinin təchizatı, içməli su və qazlaşdırma kimi həyat əhəmiyyətli məsələlər artıq öz həllini tapıb və bununla yanaşı, suvarılma işləri tam sürətlə həyata keçirilməkdədir. Bütün bunlar isə, bayaq da qeyd etdiyimiz kimi, yalnız və yalnız xalq üçün atılan çox möhtəşəm addımlardır. Əlbəttə ki, xalqımız da bu işləri görür, dəyərləndirir, alqışlayır. Həmçinin, kənd təsərrüfatı, sənaye sahəsi və başqa sahələr üzrə dinamik işlər uğurlu nəticələrlə müşahidə olunmaqdadır”.

“Ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması istiqamətində də, önə çəkdiyi fikirlər çox əhəmiyyətli və vacibdir”, deyən Bəhruz Quliyev uğur tandeminin göstəricisi olaraq, Azərbaycanın dünya ölkələri sırasında ən islahatçı ölkə kimi tanınması ilə nəticəsini tapdığını bildirib: “Cənab Prezident bu barədə Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanındığını və ölkəmizin 32 pillə irəliləyərək, hazırda 25-ci yerdə sahib olduğunu xatırladarkən onu qeyd etmək istəyir ki, bütün bunlar məhz iqtidarın apardığı siyasi uğur tendensiyasının bariz göstəricisidir. Bu, həmçinin Azərbaycanın inamla, qətiyyətlə irəliyə doğru getməsinin məntiqi sübutudur”.

“Daha bir xüsusi məqama toxunaraq qeyd etmək istərdim ki, reallaşdırılan sosial paketlərdən 4 milyondan çox vətəndaşımız bəhrələnib və burada minimum əmək haqlarından başlayaraq, minimum pensiyaların artırılmasına qədər, habelə aztəminatlı ailələrin, şəhid və müharibə veteranları ailələrinin, qaçqın və məcburi köçkünlərin, mətbuat işçilərinin, səhiyyə, təhsil, mədəniyyət və s. insanlarımızın yararlandığını xatırlatmaq istərdim”, deyə qeyd edən siyasi ekspert dövlətin öz gəlirlərinin mühüm hissəsinin bilavasitə sosial sahələrə yönəldildiyini bildirib: “Çünki sosial sahə dövlət başçımızın daim vurğuladığı kimi, prioritet istiqamətdə olmaqla, Onun diqqəti mərkəzindədir. İqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır. Diqqət yetirək, təkcə problemli kreditlərlə bağlı qəbul edilən qərar nə qədər insanlarımızın sevincinə səbəb oldu. Bütün bunlar, əlbəttə ki, dövlətin xalqına olan bağlılığının sübutudur. O cümlədən, əldə edilən uğur və nailiyyətlər xalq-iqtidar birliyinin təcəssümüdür ki, həmin təcəssüm Azərbaycanı daim, davamlı şəkildə irəliyə aparacaq, dünyanın lider dövlətləri sırasındakı yerini, rolunu möhkəmləndirəcək”.SİA

Rövşən RƏSULOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir