İxrac məhsullarının artmasına xidmət göstərəcək yeni ünvanlar

Son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun payını artırmaqda davam edir. Burada ən diqqət çəkən məqamlardan biri də sənaye sahəsi ilə yanaşı, aqrar sektorun çəkisinin hər ötən il sürətlə artmasıdır. Sevindirici haldır ki, aqrar sektorun bir çox sahələri hazırda sürətlə inkişaf etdirilir ki, bunlardan biri də yüksək səviyyəli məhsul istehsalına imkan verən aqroparklardır.

Belə aqroparklardan biri  bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Kürdəmir rayonunun Karrar qəsəbəsi və Pirili kəndi ərazisində istifadəyə verildi. Dəyəri 30 milyon olan və iki min hektar sahəni əhatə edən “Qlobal Aqro” MMC müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat isə dövlət əsaslı vəsait qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon manat, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf olunub. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb, 18 min tonluq saxlama anbarı və gücü saatda 10 ton olan toxum çeşidləmə – qablaşdırma sahəsi, ofis və laboratoriya binaları, texnika üçün talvar və sair tikilib. Hazırda 17 nəfərin çalışdığı müəssisədə yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması da nəzərdə tutulur.

Şübhəsiz, bu, son belə aqropark olmayacaq. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb və 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə, tikinti-quraşdırma işləri həyata keçirilir. Ümumən aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib.

Sözsüz ki, bütün bunlar dövlətin sosial-iqstisadi islahatlarının tərkib hissəsi olmaqla bərabər, vətəndaşların rifah halının yüksəldilməsinə, bölgələrdə yeni iş yerlərinin yaradılmasına, ixrac məhsullarının həcminin artmasına xidmət göstərəcək.

Taleh Bağırov, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir