Kənd təsərrüfatı məhsullarının ixrac həcmi 27,9 faiz artıb

Azərbaycanda kənd təsərrüfatı ölkəmizin ixrac potensialını artıran mühüm sahə olmaqla bərabər, həm də ərzaq təhlükəsizliyini yaradan əsas amildir. Xüsusilə bu il taxıl biçini sürətlə həyata keçirilərək zəmilərdən xeyli taxıl məhsuları yığılıb. Belə ki, bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Cari ildə taxılın məhsuldarlığı ötən ildəkindən 2,2 sentner çox olub.

2019-cu ildə ölkə fermerlərinin işinin daha da yüngülləşməsi üçün kənd təsərrüfatı texnikasının və gübrələrin lizinq yolu ilə əldə edilməsi prosesi asanlaşıb. Nəticədə texnikalardan istifadə məsələlərində 30 faiz ucuzlaşma qeydə alınıb. Eyni zamanda bu il elektron kənd təsərrüfatının təşviqi proqramı uğurla icra olunub ki, nəticədə 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib.

Ümumiyyətlə, 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb. Bitkiçilik məhsullarının həcmində 25,6 faiz (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9 faiz artım (1,9 mlrd. manat) qeydə alınıb. Aqrar sahənin ümumi daxili məhsulda payı 5,6 faizə çatıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3 faiz, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7 faiz, tərəvəz istehsalı 13,8 faiz, meyvə və giləmeyvə istehsalı 21,1 faiz, bostan məhsulları istehsalı 37,5 faiz artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.

2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 4,5 faiz, yun istehsalı 0,8 faiz artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.

2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artıb. Yanvar-iyun aylarında 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında meyvə ixracı 42,2 faiz artıb. Həmçinin yanvar-iyun aylarında respublika üzrə 636.6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24 faiz çoxdur.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkəmizin başçısı bu uğurlu nəticələrə rəğmən bildirib ki, ölkəmizin kənd təsərrüfatında da işlər uğurla gedir: “Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pilot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək.”

Həm rəqəmlərdən, həm də cənab Prezidentin nitqindən sonra də aydın görünür ki, ölkəmizdə kənd təsərrüfatı yeni inkişaf mərhələsindədir. Bu mərhələnin uğurla davam etməsi üçün dövlət fermerlərə çox ciddi dəstək göstərəcək.

Elçin Zaman, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir