Kreditlər: Uçot dərəcəsi enməkdədir, faizlər isə yerində sayır

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7,75 faizdən 7,5 faizədək endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyənləşdirilib (9,2- 5,75 faiz).

Bununla bağlı Mərkəzi Bankın yaydığı məlumata görə, İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

Qeyd edək ki, 2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15 faiz səviyyəsində idi. 2018-ci ilin fevral ayında uçot dərəcəsi 13 faizə, aprel ayında 11 faizə, iyul ayında 10 faizə, oktyabr ayında 9,75 faizə endirilib. Uçot dərəcəsi 2019-cu ilin fevral ayında 9,25 faizə, mart ayında 9 faizə, aprel ayında 8,75 faizə, iyun ayında isə 8,5 faizə, iyul ayında 8,25 faizə, sentyabr ayında isə 8 faizə, oktyabr ayında 7,75 faizə, dekabr ayında isə 7,5 faizə endirilib.

Nəticədə  2018-ci ildə uçot dərəcəsi 5,25 faiz-bənd azalsa da, cari ildə azalma ümumilikdə  2,25 faiz-bənd olub. 2019-cu il ərzində 1 iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 7 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşüb.

Göründüyü kimi, Mərkəzi Bank ötən il uçot dərəcəsini daha sürətlə endirsə də, bu il bu barədə daha ehtiyatla hərəkət edib. Eyni zamanda, qurum faiz qərarları ilə bağlı inflyasiya göstəricisinə istinad etdiyini nəzərə alanda, ötən il bu göstərici 2,3 faiz olub. Cari ilin yanvar-noyabr aylarında isə ölkədə 2,6 faiz dərəcəsində inflyasiya qeydə alınıb. Bank, həmçinin  2019-cu ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində düzəliş edib (2,8-3 faizə endirib).

Uçot dərəcəsinin enməsinin əhəmiyyəti nədir?

Mərkəzi Bankın qərarı ilk növbədə, ötən gün keçirilmiş vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracında faiz dərəcəsinin 5,76 faizə enməsi ilə özünü göstərib.

Nəzəriyyəyə görə isə uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Bununla da pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

Ancaq real vəziyyət ondan ibarətdir ki, faiz dərəcəsinin enməkdə davam etməsinin depozit faizlərinə də azaldıcı təsirlərinə baxmayaraq, fiziki şəxslərin manat əmanətləri 2019-cu ilin 11 ayında 26,9 faiz artıb.

Bankların milli valyutada əmanətlərin faiz dərəcələrini əhəmiyyətli şəkildə azaltmalarına rəğmən yığımların artmasını, birinci növbədə əhalinin yatırım edə biləcəkləri etibarlı investisiya alətlərinin məhdud sayda olması ilə izah etmək olar. Buraya manatın məzənnəsinin sabit qalması, eyni zamanda, banklardakı əmanətlərin müvəqqəti də olsa tam sığortalanması, ənənəvi yatırım alətlərindən olan daşınmaz əmlak bazarındakı vəziyyətin əlverişsizliyini də əlavə etmək mümkündür.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri illik 4-12 faiz diapozonunda qəbul edirlər. Hazırda depozitlərə ən çox faiz təklif edən bank “Yelo Bank (Nikoil bank), ən aşağı faiz təklif edəni isə “Naxçıvanbank”dır.

Pul siyasətinin yumşalmasının, həmçinin kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16,1 faiz, o cümlədən ev təsərrüfatlarına verilmiş kreditlər 21 faiz, hüquqi şəxslərə kreditlər isə 11,6 faiz artıb.

Bankların kredit portfelinin əsas hissəsinin əmanətlərdən ibarət olmasını nəzərə alanda, Mərkəzi bankın faiz dərəcəsinin enməkdə davam etməsinin depozit faizlərinə də azaldıcı təsiri  kredit faizlərinin də aşağıya doğru hərəkətinə imkan verir. Lakin hazırda bankların əsas kredit məhsulu olan istehlak kreditləri 16-29 faiz arasında dəyişir. Nəticədə bu göstəricinin üzərinə digər xərcləri də əlavə etdikdə, kredit faizlərinin depozit faizlərini dəfələrlə üstələməsi hələ də davam etməkdədir. Belə demək olarsa, Mərkəzi Bankın faiz dərəcəsini aşağı salmağa başladığı dövrdən etibarən  banklar əmanət faizlərini endirməsində fəallıq nümayiş etdirsələr də bu, özünü kredit faizlərində elə də ciddi büruzə vermir.

Ekspertlər yüksək kredit faizlərini bankların inzibati, vergi və əməliyyat xərclərinin böyük olması, həmçinin problemli kreditlərlə əlaqələndirirlər. Lakin ölkədə 30-ya bankın müxtəlif kredit məhsulları təklif etmələrini nəzərə alanda, bu amil onlar arasında ciddi rəqabətin olmasını şərtləndirir. Bununla belə, statistikadan da göründüyü kimi, kreditlərə tələbin böyük olması bankları kredit faizlərini endirməkdə o qədər də maraqlı etmir.

Digər tərəfdən hazırda banklar kredit, xüsusən də aşağı faizlə biznes kreditləri verməkdənsə, Mərkəzi Bankın qiymətli kağızlarını almağa daha çox cəhd edirlər. Bunu Mərkəzi Bankın keçirdiyi hərraclarda təklifin tələbi dəfələrlə üstələməsi də bir daha nümayiş etdirir. Hərçənd ki, uçot dərəcəsinin enməsi bankların belə gəlirlərinin də azalmasına gətirib çıxarır.

Ceyhun Piriyev, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir