Məlahət İbrahimqızı: Əməkhaqlarının artırılması ölkənin sosial həyatında növbəti ciddi irəliləyişdir

“Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla bu aydan etibarən minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması Prezident İlham Əliyevin sosial siyasətinin daha bir mühüm uğuru, eyni zamanda, ölkənin sosial həyatında növbəti ciddi irəliləyişdir”.

Bu sözləri “İki sahil” qəzetinə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, təkcə bu il ərzində  Prezident İlham Əliyevin həyata keçirdiyi sosial  islahatlar çərçivəsində maliyyə yükü  xeyli böyük olan iki sosial paketin icrası  ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının bariz nümunəsidir: “Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etməkdən, daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Bununla belə, bu daha çox dövlətin iqtisadi imkanlarına  bağlı məsələ olduğundan onu həyata keçirmək o qədər də asan başa gəlmir. Lakin əgər söhbət Azərbaycandan gedirsə, ölkədə sosial-iqtisadi sahədə baş verən müsbət dəyişikliklər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin seçkiöncəsi islahatlar proqramı öz bəhrəsini verməkdədir”.

M.İbrahimqızı bildirib ki, ölkə başçısının 2019-cu ildən başlayaraq həyata keçirdiyi islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf etmiş ölkəyə çevirmək, insanların rifahını daha da yaxşılaşdırmaq, daha güclü dövlət qurmaqdır.

Ceyhun Piriyev,

“İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir