Mahir Məmmədov: “Şahmatda ilk böyük rəsmi qələbəmizi Vüqar Həşimov qazanıb”

“Vüqar Həşimov Ulu Öndər Heydər Əliyev tərəfindən yetişdirilən dahi və görkəmli nəslin ən yaddaqalan, uğurlu şahmatçılarından biri idi. Vüqar Teymur Rəcəbov kimi böyük məktəb keçmişdi. Baxmayaraq ki, hər ikisi SSRİ-də yalnız uşaqlıq illərini yaşayıblar”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mərhum şahmatçı Vüqar Həşimov haqqında danışarkən deyib.
Federasiya rəsmisi bildirib ki, Rəcəbov və Həşimovun şahmat tərbiyələri valideynlərinin sayəsində Azərbaycan ilə SSRİ şahmat məktəbləri ənənələri üstündə qurulub: “Onların oyunu başqa şahmatçılardan fundamentallığı və digər cəhətlərinə görə seçilirdi. Vüqar Həşimovin uğurları gənc yaşlarından gözə çarpırdı. Ulu Öndərin onları 1998-ci ildə qəbul etməsi bu nəslin karyerasına böyük təkan verdi. Şahmatçılar, onların ailələri və məşqçiləri bu etimadı doğrultdular və Azərbaycana çoxlu qələbələr gətirdilər. Bu yaxınlar dövlət televiziyasında verilişlərin birində Azərbaycan şahmatına gətirilən ilk böyük rəsmi qələbəni xatırladım. Bu da Teymur Rəcəbov, Şəhriyyar Məmmədyarov və digərlərinin yox, Vüqar Həşimovun adına yazılıb. Vüqar Həşimov 2008-ci ildə FIDE tarixində ilk dəfə təşkil edilmiş Qran-pri turnirlər silsiləsinin birinci mərhələsində qələbə qazanıb. İlk Qran-prinin birinci mərhələsi Bakıda oldu. Həmin il Prezident İlham Əliyev Şahmatın İnkişafına dair 2008 – 2014-cü illəri əhatə edən Dövlət Proqramını qəbul etdi. Həmin vaxt Vüqar Həşimov Qran-prinin Bakıdakı birinci mərhələsinin qalibi oldu”.
Məmmədovun sözlərinə görə, Həşimov həmin vaxt qələbə sevincini Maqnus Karlsenlə bölüşüb: “Vüqar Həşimov ilk Qran-prinin ilk mərhələsində irəli çıxmışdı. Sonradan isə özünü 2009-cu ildə Azərbaycan millisi ilə Avropa çempionatında göstərdi. Həmin vaxt bütün komanda məşqçilərlə birlikdə böyük səylə çalışırdı. Buna baxmayaraq, qələbənin son nöqtəsini Vüqar Həşimov qoydu. Bu kadrlar da hamının yadındadır. 2009-cu ildə Vüqarın başqa uğurları da oldu. Əfsuslar olsun ki, onu uzun sürən ağır xəstəlikdən itirdik. Özü və valideynləri əmzkarlıqla mübarizə aparırdılar. Bilirəm ki, Prezident İlham Əliyevin göstərişi ilə dövlət də Vüqara xeyli kömək etdi və onun müalicəsi üçün bütün xərclər ödənilirdi. Xəstəlik daha qəddar oldu və Vüqarı bizim sıralarımızdan aldı. Vüqar Həşimov xatirəmizdə qalıb və hər zaman qalacaq”.
Qeyd edək ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə 28 yaşında ikən vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir