Mariya Zaxarova: Azərbaycan və Ermənistan arasında humanitar addımlar davam etdirilməlidir

Rusiya Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin davam etdirilməsinin, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində əhalini sülhə hazırlamağın tərəfdarıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə noyabrın 17-21-də Azərbaycan və Ermənistan jurnalistləri arasında səfər mübadiləsini, gələcəkdə humanitar addımların həyata keçirilməsinin əhəmiyyəti və perspektivlərini “Moskva-Bakı”ya şərh edərkən bildirib.

“Keçən ilin aprel ayında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Moskvada keçirilən görüşdə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri bir sıra humanitar məsələlərdə əməli işlərə başlamaq barədə razılığa gəldilər.

Bunların arasında media nümayəndələrinin qarşılıqlı səfərləri də var. Bu, Vyanada mart ayında keçirilən son sammitdə razılaşdırılıb. Bu cür səfərlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin əlaqələndirici rolu ilə 17-21 noyabr tarixləri arasında baş tutdu. Buna Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ”dan olan jurnalistlər qatıldı.

Biz bu birgə tədbiri tərəflərin ermənilər və azərbaycanlılar arasında təmas qurmağa kömək etmək niyyətlərinin göstəricisi hesab edirik. Hesab edirirk ki, xalqı sülhə hazırlamağa yönəlmiş bu cür humanitar aksiyalar davam etdirilməlidir və şübhəsiz ki, biz bunu dəstəkləyəcəyik.

Mümkün olan istiqamətlər arasında, ATƏT-in Minsk Qrupunun nazirləri və həmsədrlərinin Moskva bəyanatında qeyd olunduğu kimi, tərəflərin ərazisində məhkum olunmuş şəxslərin taleyinin asanlaşdırılması da var.

Öz növbəmdə bir daha demək istəyirəm ki, tərəflərə lazımi vasitəçilik yardımı göstərməyə davam edəcəyik”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir