MİQ-29 qırıcısının düşdüyü yer bilindi – rəsmi

Təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür; Rusiya niyə prosesə gec qoşuldu- fərqli reaksiyalar…

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Qəzaya uğrayan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin də axtarışları davam edir.

miq-29 tapıldı ile ilgili görsel sonucu

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazinin yerinin müəyyənləşməsi məlumatını MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli də təsdiqləyib. O, BAKU.WS-ə açıqlamasında deyib ki, özü də axtarış yerinə dəvət olunub: “Xəbər almışıq, hadisə yerinə gedirik. Ətraflı məlumata malik deyiləm. Yəqin ki, nəsə var ki, çağırıblar. Məni Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının rəsmisi Siyəzən rayonunun Zarat kəndinin ətrafında qurulmuş axtarış mərkəzinə dəvət edib”.

Qeyd edək ki, Rusiya da axtarış proseslərində iştirak edəcəyini açıqlayıb. Yayılan məlumatda deyilir ki, Xəzər donanmasının mütəxəssisləri Azərbaycanın qəzaya düşən MiQ-29 təyyarəsinin axtarışlarında iştirak edəcəklər. Bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev deyib. O, Xəzər donanmasının qəza-xilasetmə dəstələrinin mütəxəssislərinin artıq MiQ-29-un qalıqlarının axtarışlarına göndərildiyini bildirib. (Axar.az) Astafyev Azərbaycana dəstək üçün “Anatoli Qujvin” kiçik hidroqrafik gəminin, SB-45 yedək gəmisinin, çoxfunksiyalı mobil komplekslərlə komplekt edilmiş MMK-1-100 gəmisinin və 50 nəfərlik şəxsi heyətin Azərbaycana yardım üçün göndərildiyini bəyan edib. O, həmçinin axtarışlara Falkon, Super QNOM Pro sualtı aparatlarının da cəlb edilməsinin planlaşdırıldığını qeyd edib. Donanmanın 600 kvadrat kilometrlik və 40 metrlik dərinlikdə axtarışlar aparacağı, eləcə də axtarışlara 2 sutka sonra qoşulacağı vurğulanıb.

miq-29 tapıldı ile ilgili görsel sonucu

Ancaq bəzi müşahidəçilər sual edirlər: niyə qonşu Rusiya Azərbaycan qırıcısının və pilotun axtarış prosesinə xeyli gec qoşulub, yaxud da bununla bağlı mövqeyini yalnız indi açıqlayıb? Yeri gəlmişkən, bundan əvvəl İran, Rusiya və Qazaxıstanın hərbi gəmiləri Bakı limanlarınadək gəlmişdilər və onlar hərbi oyunlarda iştirakdan sonra geri döndülər. Ancaq Rusiya bütün bunlardan sonra kömək mesajını verdi. Qeyd edək ki, Rusiya kömək mesajını versə də, hələlik konkret addım atılmayıb, bu barədə ancaq mətbuatda bildirilib.

Məsələ ilə bağlı rəsmi qurumlardan hər hansı məlumat öyrənə bilmədik.  Ekspert isə fərqli düşünür.

“Bunun sadə cavabı budur ki, Azərbaycan tərəf gec müraciət edib. Düşünüb ki, öz gücümüzlə həm təyyarəni, həm də pilotu tapa bilərik. Daha sonra Türkiyə tərəfinə müraciət etdi. Ancaq görünür, Türkiyə tərəfinin də axtarışları nəticə vermədiyindən, üstündən günlər və həftələr keçdiyindən, eyni zamanda cəmiyyət də narahat olduğundan Rusiyaya müraciət etmək məcburiyyətində qaldılar”. Politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Nəhayət ki, MiQ-29 təyyarəmizin yeri də məlum oldu və yaxın saatlarda təyyarənin qalıqlarının suyun üzərinə qaldırılması əməliyyatı həyata keçiriləcək”. “Eurasia Diary” xəbər verir ki, bunu hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb. “Mən buradan Müdafiə Nazirliyinin rəhbərlərinə səslənirəm: artıq axtarış-xilasetmə işlərinə Rusiya mütəxəssislərinin cəlb edilməsinə ehtiyac yoxdur. Əgər onlar bu prosesdə iştirak edəcəklərsə, biz heç vaxt təyyarənin qəzaya uğraması deyil, uğradılması ilə bağlı həqiqəti öyrənə bilməyəcəyik.

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Allah xidməti vəzifələrinin icrası zamanı faciəli şəkildə həlak olan pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyevin doğma və əzizlərinə də səbr versin.

Tanrı Azərbaycanımızı və Silahlı Qüvvələrimizi qorusun!”, – Ü.Cəfərov bildirib.

Cavid TURAN,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir