Mirzə Fətəli Axundzadənin əsərini plagiat edən türk – ARAŞDIRMA + FOTO

Azərbaycanı idarə etmiş Səfəvilər sülaləsi haqqında ən mühüm mənbə olan İskəndər bəy Münşi Türkmanın “Tarixe-aləmaraye-Abbasi” (Dünyanı bəzəyən Abbasın tarixi) əsərində maraqlı bir əhvalatdan bəhs olunur. Sonralar yazıçı-dramaturq Mirzə Fətəli Axundzadəyə ilham qaynağı olan bu əhvalatda münəccimlərin hökmdarın ulduz xəritəsində fəlakətli hadisənin olacağını görmələrindən və bunu dəf etmələrindən öhbət açılır. Belə ki, göylərin qəzəbindən xilas olmaq üçün hökmdarın tək yolu var idi: hökmranlıqdan müvəqqəti vaz keçmək!

Əsərdə yazılır: “Mövlana Cəlaləddin Məhəmməd Münəccim Yəzdi belə müəyyən etdi ki, gərək əlahəzrət səyyarələrin böyük təsiri və iki ulduzun dörd yerə parçalanması baş verəcəyi o üç gün müddətində özünü səltənət və padşahlıqdan kənar edib, qətli vacib olan günahkar adamlardan birini padşah qoysun”.

Günahkar adam da tapılır: “Püşk Ustad Yusifi Tərkeşduza düşdü. O, dinsizlikdə bütün yoldaşlarından irəlidə gedirdi. Buna görə də həmin dinsizlər zümrəsindən adı çəkilən Yusifini orduya gətirdilər, əlahəzrət özünü səltənət və padşahlıqdan kənar etdi və padşahlıq ismini o qan tutmuş adama yazdılar, başına şahlıq tacı qoyub, əyninə gözəl libaslar geydirdilər”.

Münəccimbaşının bu planı baş tutur, Şah Abbas ulduzların “fitnə”sindən xilas olur: “Həqiqətən də, Yusifi olduqca şeytansifət bir adamdı… Xülasə, üç gündən sonra o, həyatın süni libasından üryan olub, taxt üstündən düşdü, taxta üstündə uzandı. Baş verən bu hadisədən sonra əlahəzrət yenidən hökmranlıq taxtına əyləşdi”.

Beləliklə, Şah Abbasın hakimiyyətinin yeddinci ilində – 1592-ci ildə baş vermiş bu “fəlakət”dən şah xilas olur. Nöqtəvi dərviş Mövlana Yusifi taxta əyləşdirilir, üç gün sonra təhlükə sovuşduğu üçün qətlə yetirilir.

Münəccimbaşının ulduzların planını “pozması” hadisəsi Mirzə Fətəli Axundzadəyə mövzu verir və o, məşhur “Aldanmış kəvakib” əsərini yazır.

İlk nəsr əsərimiz

Şah Abbasın başına gələn bu “hadisə”dən 265 il sonra – 1857-ci ildə M.F.Axundzadə “Aldanmış kəvakib” əsərini qələmə alır. Bu, Azərbaycan ədəbiyyatında ilk mükəmməl nəsr əsəridir.

“Aldanmış kəvakib”də dövr üçün bir neçə əsas problem açıq şəkildə təsvir olunub: Səfəvi sarayında hökm sürən cəhalət, şahın çevrəsindəkilərin dövləti ağır vəziyyətə salması, xalqın məruz qaldığı bu zülmə dözməsi, qəbul etməsi və bunlarsız yaşaya bilməməsi.

Yaxşı padşah Yusif Sərracın xalqa yönəlmiş addımları, cinayətləri, cəzaları azaltması, günahsız insanları dar ağacından asmaması kimi hal rəiyyəti qəzəbləndirir və onlar üç günlük şahı qətlə yetirməklə həm də göylərdən gələn bəlanı dəf etmiş olurlar. Halbuki Yusif Sərrac yolların təmir olunmasını, körpülərin, karvansarayların, şəfaxanaların tikilməsini əmr etmiş, kasıb əhali üçün yemək paylamış, layiqli insanları vəzifə başına gətirmiş, nalayiqləri zindana atmışdı: “Əhli-Qəzvin hər gün qala qapılarından adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət onlara xeyli qəribə göründü”.

Qəzvin əhli əvvəlcə şahı rəhmli, daha sonra axmaq hesab edib ədalətindən faydalanaraq, özbaşınalığa başladılar. Bu hal keçmiş əyanların işinə yaradı və onlar anlaşıb Yusifi aradan götürdülər: “Müfəttinlər hücum edib sərayi-şahinin qapıların sındırdılar, içəri daxil olub Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu…”

Axundzadənin əsəri ilə İskəndər bəy Münşinin kitabındakı əhvalatın əsas mövzusu (hökmdarın fəlakətdən xilası) eyni olsa da, hadisələrin axarı fərqlidir. Professor Vüqar Sultanzadəyə görə, təhlükə zamanı hökmdarın qurbanla əvəzlənməsi qədim dünya dövrünə xas adətdir, Assuriya dövlətində də istifadə olunub.

Akif Saffetin əsəri

M.F.Axundzadənin bu povesti şərqşünas Lüsyen Buvanın tərcüməsində 1904-cü ildə Parisdə çap olunub. Türkiyədə dərc edilmiş ilk əsəri “Lənkəran xanının vəziri” pyesidir. “Əcnəbi müəlliflər kolleksiyası”dan çap olunan kitabda müəllifin və əsərin adı bu şəkildə yazılıb: Ahund zade Mirza Feth-Ali, “Lengeran veziri (1856), 4 perdelik komedi”.

“Reklam” mətbəəsində çap olunan bu əsər alman dilindən tərcümə edilib. Tərcüməçi isə Kurşunlu Zade Raşit adlı şəxs olub. İstanbulda nəşr olunan kitabın üzərində çap tarixi yoxdur. Amma 1932-ci ildə “Azərbaycan Yurd Bilgisi” jurnalında Əhməd Cəfəroğlunun bu kitab haqqında tənqidi yazısına görə o illərdə nəşr edildiyini ehtimal edə bilərik.

1932-ci ildə Türkiyədə “Milliyet” mətbəəsində üzərində Mirzə Fətəlinin adı yazılan başqa bir kitab da nəşr olunub. Həmin kitabın üzərindəki yazılar bu şəkildədir: “İran’ın iç yüzü: Yarım dram (trajedi): Şiy’i – Sünnilik faciasını musavverdir. Mirza Fet’alinin asarı eserimize mühim bir memba teşkil etmiştir. Perde 3, Meclis 6. Naşiri ve müeelifi: Akif Saffet”.

Haqqında məlumat əldə edə bilmədiyimiz Akif Saffet adlı şəxs kitabının üz qabığında Mirzə Fətəlinin əsərinin özünün yazdığı pyesin əsas qaynağı olduğunu bildirir. Amma Mirzə Fətəlinin kimliyi və əsər barədə heç bir bilgi verməyib. 40 səhifədən ibarət kitabda pyesin birinci məclisi Qarabağda – Xankəndində baş tutur. Əsas iştirakçılar bunlardır:

Məşədi Rahim – 45 yaşında azərbaycanlı əkinçi

Nəfisə – 40 yaşında qadın. Rahimin arvadı

Zəhra – 16 yaşlı kənd qızı. Məşədi Rahimin qızı

Tanrıqulu – Zəhranın nişanlısı

İmamverdi – Zəhranın qardaşı

Hüseynqulu xan – 40 yaşlı Qarabağ xanı

Mollabaşı Məclisi – İran müctəhidi

Şah Abbas – İran şahı

Yusif Sərrac – İran inqilabçılarından

Əsərdən açıq şəkildə bəlli olur ki, müəllifin həm Azərbaycan, həm də Şah Abbas dövrü haqqında bilgisi çox səthi olub. Eləcə də, müəllifin ədəbi qabiliyyəti, istedadı zəif olub, sadəcə, təsiri altında qaldığı pyesin müəyyən hissələrini dəyişdirərək qısa şəkildə öz adı ilə çap edib. Əsərdə Şah Abbas, Qarabağ xanı və mollalar mənfi obrazlar kimi təqdim edilib, sünni-şiə məsələsi pyesin adından da göründüyü kimi ana xətlərdən birini təşkil edib.

Əsərin qısa xülasəsi belədir:

Xan və Mollabaşı Məclisi Şah Abbas üçün göyçək qızları zorla ailələrindən alır və saraya göndərirlər. Qızın kimsəsi qalmasın deyə ailəsini sünnilikdə ittiham edib qətlə yetirirlər. Bu acınacaqlı tale Məşədi Rahimin də başına gəlir, qızı Zəhra əlindən alınaraq saraya göndərilir, özünü və arvadı Nəfisəni isə məzhəb düşməni elan edib xəncərlə öldürürlər. Şah Abbas Zəhranı da qatdığı eyş-işrət məclisində əylənərkən münəccimbaşı içəri daxil olur və məlum fəlakət xəbərini verir. Saray əhli çarəni şahın başqası ilə əvəzlənməsində görürlər. Əvəzlənəcək şəxs isə Yusif Sərrac olur. Mollabaşı deyir: “Qəzvin şəhərində son zamanlarda bir nəfər peyda olmuş ki, Yer üzündə ondan daha günahkar və qətli haqq edən kimsə təsəvvür oluna bilməz. Adına Yusif Sərrac deyirlər. Bu məlun Qəzvin kəndlərindən bir türkün oğludur”.

Mollabaşının dediklərinə görə, Yusif İsfahan və Kərbəlada böyük din alimlərindən dərs aldıqdan sonra İstanbul və Misirə yollanıb, orada “fənn” adlanan şeytan elmindən oxuyub, amma məzhəbini də dəyişib. Qayıtdığı zaman Kərbəlada üləmanı tənqid etdiyi üçün Həmədana qovulub. Burada 40 yaşından sonra başının sarığını atıb sərraclığa başlayıb. Bir il sonra isə Qəzvinə gəlib, azərbaycanlı kimsəsiz sünni bir qızla evlənib:

“İndi isə işi-gücü üləmanı, vəzirlərin, hətta qibleyi-aləmin eyiblərini açaraq qara camaatı ayağa qaldırmaqdır. Türkləri türkçülüyə dəvət etməkdə, xülasə məmləkətdə fəsadla məşğul olmaqdadır… Bu məlunun sözlərinə görə, sədəqə almaq, cariyə saxlamaq haram imiş, müctəhidlər xalqı aldadırlarmış. Kəndxudadan başlamış şaha qədər bütün məmurlar zalım və quldur imişlər. O halda bəndənizə görə, qibleyi-aləmin səltənəti bu məluna təslim etməsi məsləhətdir. Təki kəvakibin təsiri ilə öz cəzasına çatıb cəhənnəmə vasil olsun”.

Yusif Sərrac isə xalqın qiymət verdiyi şəxsdir. İnsanlar onun yanına dərdini deməyə, müzakirə etməyə gəlirlər. Sərracla bağlı səhnədə onun sünni-şiə qarşıdurmasının Azərbaycana gətirdiyi fəlakətdən və bu problemin tarixindən bəhs etdiyini görürük.

Zəhranın nişanlısı Tanrıqulu və qardaşı İmamverdi də onun yanına gəlir, oğurlanan qız haqqında məlumat və kömək istəyirlər. Elə bu məqamda saray əyanları Yusifin yanına gəlib onu padşahlığa razı salırlar.

Yusif Sərrac cümhuriyyət qurur

Qəribədir ki, Akif Saffet XVI əsr hadisələrindən bəhs etsə də, Yusif Sərracın şahlığı dönəmində atdığı qərarları XX əsrin anlayışları ilə yazıb. Məsələn, Yusif şah səltənətin ləğvini, İranın bölgələrə ayrılmasını, dil və millət əsasında muxtariyyət verilməsini əmr edir. Azərbaycan, Türkmənistan, Qaşqayıstanda türk hökuməti, Loristan və Kürdüstanda kürd hökuməti, Bəxtiyarıstan və Giləkistanda fars hökuməti qurulacaq. Xalq bu əyalətlərdə məclislər seçəcək və ölkə cümhuriyyət şəklində idarə ediləcək.

Yusif şahın digər islahatları bunlar olur: Azərbaycanda məzhəb ayrı-seçkiliyi aradan qaldırılacaq; Hər kəs öz ana dilində oxuyacaq, fars dilinin hakimliyi aradan qalxacaq; Mollaların, xanların, bəylərin, seyidlərin imtiyazları ləğv olunacaq.

Axundzadədə olduğu kimi, əyanlar qısa zamanda xalqı Yusif şaha qarşı üsyana qaldıra bilirlər. Yeni şahın sünniliyi müdafiə etdiyini xalq arasında yayırlar. Mollabaşı isə Yusif şahın çayına zəhər qatır. Qəzəblənmiş kütlə saraya hücum etdiyi zaman Yusif şah artıq zəhərlənmişdi: “Məlun mollabaşının şeytanlığı insanlığa qələbə çaldı. Mənim böyük əməllərimin hamısı puç oldu. Kim məzlumların imdadına çatacaq! Bu qarabəxt İran türklərini kim qurtaracaq?!”

Tanrıqulu və İmamverdi saraya yetişdiyi zaman artıq Yusif şah ölmüşdü və Mollabaşı “bu alçaqlar Yusif şahın sünni bəndələridir, onları tutun” deyə qışqırır. Bu zaman başdan hər şeyin fərqində olan saray təlxəyi xəncəri ilə Mollabaşını öldürür. Pərdə bununla da qapanır.

Beləliklə, Akif Saffet əsəri müəyyən qədər qısaldıb dəyişdirsə də, əsas sujet xəttini saxladığı üçün plagiat əsər kimi qəbul edilməlidir. Kitabın üzərində qeyd olunan “təsir” ifadəsi müəllifə bu əsərə öz imzasını qoymağa imkan verməməli idi.

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir