Nəzakət Məmmədova: Ölkəmizin UNESKO ilə əməkdaşlığı əhəmiyyətlidir

Azərbaycan növbəti dəfə  beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi.  UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanın tarixinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin qorunması və təbliği istiqamətində atdığı addımlara, əldə etdiyi uğurlara bir daha işıq saldı.

Politoloq Nəzakət Məmmədova  “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hazırda UNESKO 190-dan çox ölkə ilə əməkdaşlıq edir ki, onların arasında Azərbaycanın özünəməxsus yeri var: “UNESKO ilə ölkəmiz arasında əlaqələr Azərbaycan hələ  ötən əsrin 60- cı illərində SSRİ-nin tərkibində müttəfiq respublikalardan biri olarkən başlayıb. Qurumla  əlaqələrimizin inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, UNESKO-nun Azərbaycan mədəniyyəti ilə bağlı  təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. Ölkəmizin müstəqillik illərində bu mötəbər təşkilatla münasibətlərinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.  Maddi və qeyri-maddi mədəni irsimizin dünya miqyasında təbliği və nüfuzlu təşkilatların Dünya İrs Siyahısına daxil edilməsi  Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir.”

O da bildirildi ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  “UNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda beynəlxalq konfransda, “Azərbaycan subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” konfransında,  Beynəlxalq Muğam Festivalında, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və digər bu kimi beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərdə UNESKO-nun rəsmiləri iştirak edərək Azərbaycan reallıqlarını yüksək dəyərləndirmişlər.  Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almaqdadır. Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması  sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə qurumun keçmiş baş direktoru Koiçra Matsuura tərəfindən gümüş xatirə medalı , 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilmişdir.

N.Məmmədova bildirdi ki, dünyada sivilizasiyalararası savaşın getdiyi, mədəniyyətlərarası dialoqa ehtiyacın olduğu bir zamanda ölkəmizin UNESKO kimi  nüfuzlu təşkilatla  əməkdaşlığı olduqca vacibdir və bu dialoqun davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Nilufər Mustafaqızı, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir