Naxçıvanda zabitlərə mənzillər təqdim edilib – FOTO

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan hərbi şəhərciyində zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Silahlı Qüvvələr Günü və yeni xidməti mənzillərin təqdim edilməsi münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edib.

General-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və səmərəli istirahətinin təşkilinə xüsusi diqqət yetirilir. Hərbçi ailələrinə yeni xidməti mənzillərin təqdim edilməsi də növbəti qayğının ifadəsidir.

Zirzəmi ilə birlikdə dörd mərtəbəli binanın birinci mərtəbəsində dərzi, ayaqqabı təmiri sexi, hərbi və qarışıq mallar mağazaları fəaliyyət göstərəcək. Fərdi qazanxana sistemi quraşdırılan binada Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin bölmələri üçün iş otaqları da yaradılıb.

Binanın 2-ci, 3-cü və 4-cü mərtəbələrinin hər birində 13 mənzil olmaqla, ümumilikdə, 39 mənzilin hər biri müasir mebel dəstləri və lazımi məişət əşyaları ilə təmin olunub. Həmin mərtəbələrdə lazımi avadanlıqlarla tam təmin edilmiş mətbəx və camaşırxana yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir