Ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır

Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır

Son günlərin əsas müzakirə mövzularından biri dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, həmçinin “bu hal Azərbaycan iqtisadiyyatına nə kimi təsir göstərə bilər” sualı ətrafında aparılan müzakirələrdir. İqtisadıçıların, ekspertlərin açıqlamarına diqqət yetirsək, görərik ki, fikirlər müxtəlif olsa da ümumi yanaşma belədir ki, ölkəmizin iqtisadi inkişafı, dünya təcrübəsinə istinadən formalaşdırdığı inkişaf strategiyası hər bir çətinlikdən, yaranan problemdən uğurla çıxmağa geniş imkanlar yaradır.

Son 16 ildə dövlətimizin başçısı İlham Əliyevin “iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq həyata keçirilən təkmil islahatların, atılan uğurlu addımların davamlılığı  qarşıya qoyulan hədəflərin gerçəkləşməsində stimulverici amildir. Bu günlərdə Nazirlər Kabinetində  Baş Nazir  Əli Əsədovun  sədrliyi ilə keçirilən   qlobal enerji bazarında  vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə bir daha ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların təqdimatında, həmçinin  kompleks tədbirlərin davamlı uğurlara yol açan əsas amillərdən biri olmasına işıq salınmasında əhəmiyyətli rol oynadı. Hökumətin  dünya iqtisadiyyatında gedən  prosesləri daim  diqqət mərkəzində saxladığını və qabaqlayıcı tədbirlər  həyata keçirdiyini önə çəkən  Baş Nazir qeyd etmişdir ki, bu gün  ölkəmizin iqtisadiyyatı  görülmüş tədbirlər nəticəsində  2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır.  Dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Təkcə cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir.  Belə ki, ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft  ümumi daxili məhsulu isə 6,7 faiz artıb.  İnflayasiya 2,8 faiz təşkil edir. Ölkəmizin valyuta ehtiyatları  52 milyard dollar  həcmindədir.  Xarici dövlət borcunun ÜDM-də  nisbəti 17 faiz təşkil edir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır.  Ölkəmizin iqtisadi imkanlarının artması mühüm sosial layihələrin həyata keçirilməsini şərtləndirir.  Əməkhaqlarının, pensiyaların iqtisadi tərəqqiyə uyğun olaraq tənzimlənməsi, ildə ən azı iki dəfə artması bir daha  əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin əsasını təşkil etdiyini təsdiqləyir.  Dövlətimizin başçısı İlham Əliyevin altıncı çağırış  Milli Məclisin  ilk icalsında proqram xarakterli çıxışında ötən ilin uğurları fonunda qarşıdakı illərə, ən əsası  statisikanın daha uğurlu rəqəmlərlə ifadə ediləcəyinə inam öz əksini tapıb. Bunun üçün islahatların daha da dərinləşdirilməsi,  bütün sahələri əhatə etməsi, hər bir dövlət məmurunun öz işinə daha məsuliyyətlə yanaşması  əsas çağırışlar sırasındadır. Bir sözlə, ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır.

Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması 2008-ci ildən dünyanı bürüyən və nəticələri hazırkı dövrə qədər davam edən iqtisadi və maliyyə böhranından uğurla çıxmasını şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev  “neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək,  neft siyasətinin məntiqi davamı kimi, qeyri-neft sektorunun inkişafını daha da sürətləndirdi. Dövlətimizin iqtisadiyyatın şaxələndirilməsinə göstərdiyi diqqət  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da  təqdir olunur. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan dünyanın ən islahatçı 20 ölkəsi sırasında qərarlaşıb.  Nazirlər Kabinetində keçirilən müşavirədə Azərbaycanın bu uğurları önə çəkilərək belə bir əminlik ifadə olunmuşdur ki, neftin qiymətinin yuxarı olduğu dövrlərdə  strateji valyuta  ehtiyatlarımız artırılıb. Dünya bazarında  neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin  nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli  təsir etməyib.

Ölkəmizin hərtərəfli və dayanıqlı inkişafında qəbul edilən regionların sosial-iqtisadi Dövlət proqramlarının rolu da inkaredilməzdir. Cari ilin ilk ayında  IV Dövlət Proqramının icrasının bir ili tamam oldu.  Sənədlərin imzalanmasına başlanıldığı 2004-cü ildən bu günə qədər bölgələrdə həyata keçirilən işlərə nəzər saldıqda görürük ki, regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən Dövlət proqramlarının icrası sayəsində əhəmiyyətli uğurlara imza atılıb.  2004-2019-cu illərdə  2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət Proqramının icrasının bir ilində bu rəqəm 98 min olub.  Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Bu hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır. Ötən bir ildə  İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində Qəbələdə, Abşeronda, Füzulidə, Sumqayıtda, Şəkidə, Şamaxıda KOB mərkəzləri fəaliyyətə başlayıb.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin bir istiqaməti də sənayeləşmədir. Hədəf həmin siyasətə uyğun olaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Buna nail olmaq üçün  sənaye parkları və məhəllələrinin tikintisi, onların fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.

Kənd təsərrüfatı qeyri-neft sektorunda əhatə dairəsinə və əhalinin məşğulluğuna görə mühüm yer tutur. Buna görə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında aqrar sektora xüsusi diqqət verilir. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırır. Belə ki, aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyalardan istifadə edən aqrar müəssisələrin yaradılmasına ehtiyac var. Qəbul edilən bütün Dövlət proqramlarında bölgələrdə sosial infrastrukturun yaradılmasına diqqət yetirilir.

Göründüyü kimi, enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində davamlı addımlar atılır. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın təminatı mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Beynəlxalq maliyyə qurumlarının proqnozlarında bu məqam hər zaman öz əksini tapır ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da mühüm sosial layihələrin icrasına geniş imkanlar açır. Nazirlər Kabinetində keçirilən müşavirədə də vurğulanmışdır ki,  neft bazarında  və qlobal iqtisadiyyatda  baş verən hadisələrə qarşı  ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Bu baxımdan, əminliklə qeyd olunur ki,   yaranmış vəziyyətdə  biznes ictimaiyyətinin və əhalinin təmkinli davaranış nümayiş etməsi üçün ciddi əsaslar vardır: Valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və  yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq.

Yeganə Əliyeva, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir