Ölkəmizin turizm potensialı artır

Ölkə Prezidenti İlham Əliyevin “Şahdağ” Turizm Mərkəzinə səfəri, görülən işlərlə yaxından tanış olması bu sahəyə diqqət və qayğıdan irəli gələn addım kimi dəyərləndirilir

Dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf edir. Ölkəmizin turizm sahəsində rəqabət imkanları artır.Təbii ki, ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi bu sahənin inkişafında mühüm amillərdir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər bir ölkənin, xüsusilə Azərbaycan kimi gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkənin turizmi mütləq inkişaf etdirilməlidir: “Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz-bunlar tükənən sərvətlərdir. Ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.

Dekabrın 27-də ölkə Prezidenti İlham Əliyevin “Şahdağ” Turizm Mərkəzinə səfəri, görülən işlərlə yaxından tanış olması bu sahəyə göstərilən diqqət və qayğıdan irəli gələn addım kimi qiymətləndirilir.

“Şahdağ” Turizm Mərkəzinin marketinq üzrə mütəxəssisi İlkin Qurbanov qəzetimizə açıqlamasında bildirdi ki, bu nadir turizm məkanı ən müasir avadanlıqlarla təchiz edilmiş, aparıcı beynəlxalq şirkətlər tərəfindən qurulan ölkənin ilk dağ-xizək kurortudur: “Şahdağ” Milli Parkının yaxınlığında salınan bu kompleks Azərbaycanda dağ-xizək və digər  qış idman növləri  ilə məşğul olmaq üçün geniş imkanlar yaradır. Artıq 2008-ci ildən bəri fəaliyyət göstərən kompleks ölkənin turizm potensialından düzgün istifadə olunmasının bariz nümunəsidir”.

Mütəxəssis, həmçinin onu da qeyd etdi ki, məhz qış mövsümündə qonaqların mükəmməl istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri də həyata keçirilib: “Kompleksin ərazisində hotellər, restoran və kafelər, SPA mərkəzləri, kanat xətti – asmaburaz yolları, müxtəlif qış əyləncələri, xizəkçilik və snoubord mərkəzi fəaliyyət göstərir. Kanat yolları aparıcı Avropa istehsalçılarına məxsus olmaqla bir neçə formada – oturacaqlı, buqel, xalça və qondola təklif olunur. Eyni zamanda, kurort ərazisində 24 saat çalışan klinika, dağ xizəkçiliyi məktəbi, geniş avtomobil dayanacağı və hər səviyyədə təcrübəyə malik xizəkçilər üçün müxtəlif növlərdə xizək zolaqları qonaqların ixtiyarına verilib. Bu mövsümdə əlavə bir neçə xizək zolaqlarının salınmasıda nəzərdə tutulur. Bir sözlə, bütün standartlara cavab verən “Şahdağ” Turizm Kompleksi insanlara bu qış boyu da əyləncə, müasir və dəbdəbəli otellər zəngin mədəni irsdən zövq almaq imkanını təklif edir. Hər dəfə olduğu kimi, bu mövsümdə də kompleks ərazidə qonaqların əyləncəsini və rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və digər əyləncə iaşə nöqtələri fəaliyyət göstərməkdədir”.

Son zamanlar “Şahdağ” Turizm Mərkəzinin xarici turistlərin də maraq dairəsində olması xüsusilə diqqətəlayiq addımdır. Hətta xaricdən Azərbaycana dincəlməyə gələnlərin arasında bu kompleksi seçənlərin də sayının az olmadığını görürük. Prezident İlham Əliyevin “Şahdağ” Turizm Mərkəzinə səfəri zamanı yerli turistlərlə yanaşı, xarici turistlərlə söhbəti də onu göstərdi ki, onlar burada yaradılan şəraitlə tam razıdırlar. Bu da ölkəmizin turizm potensialının yüksək səviyyəyə çatdığının sübutudur.

Mənsumə Babayeva, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir