Ölkəmizin yeniləşən və müasirləşən yol infrastrukturu…

İlham Əliyev: “Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə, bir çox inkişaf etmiş ölkələri qabaqlayır və bu proses davam etdiriləcək”

Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən yol infrastrukturu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirərək, onu dövrün tələblərinə, zamanın çağırışına uyğun olaraq, daha da zənginləşdirib. Bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri olan yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində ölkəmizdə tarixi layihələr icra olunub. Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində – paytaxtımızda, eləcə də, regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.
Bir sözlə, Azərbaycanda son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir.

İlin sonuna kimi salınan yol 2 min kilometrip ötüb

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekun nitqində qeyd edib ki, keçən il 2 min kilometr avtomobil yolu salınıb: “Bu, rekord göstəricidir. Ümumilikdə isə, 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə, Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb və yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən, xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni bunun çox böyük əhəmiyyəti var”.
Dövlət başçısı, onu da əlavə edib ki, bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub: “Bu il, ən azı, hələlik, ən azı, 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən, Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə, biz bu layihəni də icra edəcəyik”.

Son 15 ildə ölkə üzrə 15 min kilometr uzunluğunda yol çəkilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafın əsas elementlərindən biri də yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır. Belə ki, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, avtomobil yollarının istismarı, tikintisi və təmiri, eyni zamanda, yolların qorunması, təhlükəsizliyi və ətrafının yaşıllaşdırılması istiqamətində aparılan ciddi dönüş nəticəsi olaraq, son 15 ildə ölkə üzrə 15 min kilometr uzunluğunda yol çəkilib. Təkcə bu ilin 9 ayında 30-a yaxın rayonda və paytaxtda təqribən 1 milyon əhalinin yaşadığı 500-dən çox yaşayış məntəqəsini əhatə edən layihələr üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.
Əldə olunan bu uğurlu nəticələri beynəlxalq reytinq agentliklərinin hesabatları da təsdiqləyir. Belə ki, İqtisadi Forumun reytinqlərində öz yerini hər zaman möhkəmləndirən Azərbaycan 2018-ci ildə MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. Dünya İqtisadi Forumunun apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 140 ölkəsi arasında 34-cü yerdə qərarlaşıb.
Dünyanın 140 ölkəsi arasında belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyev son 2016-2018-ci illərdə 80-ə yaxın avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib. Bu isə, dövlət başçımızın yol infrastrukturuna ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi yanaşdığını, eyni zamanda, vətəndaşların sosial problemlərinin həllinə həssas münasibət bəslədiyini, insanların gündəlik həyatını asanlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.
Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini diqqətə çatdıran möhtərəm dövlət başçımız öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat və müasir yol şəbəkəsi təqdim edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə, hər bir vətəndaş öz həyatında hiss edir.

RƏFİQƏ KAMALQIZI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir