Pambıqçılığın keçmiş şöhrəti qaytarılır

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev vaxtilə deyirdi ki, Tərtər rayonunun torpağını gübrə kimi şoran torpaqlara səpmək olar. Çünki bu   torpaq çox məhsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonun iqlim şəraiti pambıqçılıq üçün çox əlverişlidir.  Müstəqilliyimizdən əvvəl rayonda 11 min hektara yaxın pambıq əkilib, hər hektardan orta hesabla 43 min tondan artıq məhsul götürülüb. Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişib, onlardan beş nəfəri  Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Lakin ötən əsrin səksəninci illərinin sonunda pambıqçılıqda  vəziyyət tamamilə dəyişdi. Bunun əsas səbəblərindən biri dünya bazarında pambığın qiymətinin aşağı düşməsi olsa da, digər mühüm səbəb Ermənistanın qoşunlarının Sərsəng və Madagiz su anbarlarını işğal etməsi və Tərtər çayını nəzarət altına alması nəticəsində rayonda ciddi su qıtlığının yaranması, sovet dönəmindən qalmış texnikanın tədricən yararsız hala düşməsi oldu. Beləliklə, pambıqçılığa dövlət dəstəyinin unudulması, ziyanvericilərə lazımi mübarizə tədbirlərinin görülməməsi pambıqçılığı zəiflətdi və  kənd əməkçilərində bu sahəyə marağı azaltdı.

Ancaq  bu gün rayonda pambıqçılıqda vəziyyət tamamilə dəyişib. Bu barədə məlumat verən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirdi ki, 2015-ci ildə cəmi 550 hektar sahədə pambıq əkilmiş və hər hektardan 16,2 sentner pambıq istehsal edilmişdi.  Lakin cari ildə rayonumuzun təsərrüfatlarında 3427,2  hektar sahədə pambıq əkilib. Dövlətin dəstəyi bu sahədə öz nəticələrini göstərir. Belə ki, rayona lizinq yolu ilə müasir texnikanın gətirilməsi, pambığın satınalma qiymətlərinin ötən illərə nisbətən artırılması və fermerlərə güzəştlər edilməsi  bu gəlirli sahəyə maraq oyatmışdır.

Ramiz Şabanov  qeyd etdi ki, cari ildə 5000 nəfərdən çox bu sahəyə cəlb olunmuşdu.  Sahələrdən 11 936 ton “ağ qızıl” toplanıb. Artıq məhsul yığımı başa çatdırılmışdır. Bu il pambıq sahələrinin hər hektarından 34, 8 sentner məhsul götürülüb. Bu, respublika üzrə yaxşı nəticələrdən biri hesab oluna bilər. Becərilmiş məhsulun vaxtında və itkisiz toplanması, aqrotexniki müddətdə başa çatdırılması üçün səmərəli işlər görülüb.  Rayonda pambığın qəbulu və tədarükü üçün “ÇTS Aqro” MMC və MKT “Qarabağ regional” Tərtər məntəqəsi fəaliyyət göstərir və hər iki təşkilata üzərinə düşən vəzifənin yerinə yetirilməsi üçün lazımi köməklik göstərilir.

Birinci müavin bildirdi ki, vaxtilə pambıqçılıqda öz əməyi ilə şöhrət qazanmış pambıqçıları tədbirlərə dəvət edir, onların zəngin təcrübələrini öyrənir və bəhrələnirik. O  vurğuladı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin   tərtərlilərə göstərdiyi xüsusi qayğı nəticəsində son üç ildə rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə 41 subartezian quyusu qazılıb istifadəyə verilib. Ölkə rəhbərinin Sərəncamına uyğun olaraq cari təsərrüfat ilində rayonumuzda 14 subartezian quyusunun qazılması işlərinə başlanılıb.  Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün qüvvələr səfərbər edir, rayonumuzun pambıqçılıq sahəsindəki keçmiş şöhrətini  qaytarmaq üçün bütün lazımi tədbirləri həyata keçiririk. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi,  “Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda geniş vüsət alacaqdır.”

Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev vurğulayıb ki, bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq. Nəticədə bu sahədə çalışanların sosial təminatları möhkəmlənir və maddi vəziyyətləri yaxşılaşır.

Sonda Ramiz Şabanov söylədi ki, cənab Prezidentin müşavirədəki çıxışı bizi daha yaxşı işləməyə, əhalinin rifahının daha da yaxşılaşdırılması üçün bütün lazımi tədbirləri dərin məsuliyyət hissi ilə həyata keçirməyə səfərbər edir.

Vəli İlyasov, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir