Pambıqçılıqda rekord göstərici: Bol məhsul əkin sahələrinin artırılmasından asılı deyil

Bu il ölkənin 20 rayonunda 100 111 hektar sahədə  pambıq əkini aparılıb və artıq noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 281 min 506 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur. Keçən il noyabrın 13-dək 209 min 368 ton pambıq yığılmışdı.

Xatırladaq ki, 2016-cı ildən etibarən pambıqçılığın inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində pambıq əkini sahəsi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 51,4 min hektara, 2017-ci ildə isə daha 2,7 dəfə artırılaraq 136,4 min hektara yüksəldilib. 2018-ci ildə bu göstərici 132,5 min hektara endirilib ki, bu da əvvəlki ildəkindən 3 faizə yaxın azdır.

Məhsul istehsalına gəldikdə isə 2017-ci ildə 207,5 min ton pambıq istehsal olunub ki, bu da 2016-cı ildəki (89,4 min ton) ilə müqayisədə 2,3 dəfə, 2015-ci ildəkindən (35,2 min ton) isə 6 dəfəyə yaxın  çoxdur. 2018-ci ildə isə 232 min 231 ton “ağ qızıl” tədarük edilib ki, bu da 2017-ci ildəkindən 12 faizə yaxın artıqdır.

2019-cu  ildə pambıq yığımının tam yekunlaşmadığını nəzərə alanda cari göstəricilərin əkinin ən az aparıldığı 2015-ci ilin göstəricisi ilə müqayisədə əkin sahələri 5,35 dəfə, məhsul istehsalı isə 8 dəfə artıb. Əkinin ən çox aparıldığı 2017-ci ildəkinə nisbətən isə əkin sahələri 26,6 faiz azalıb, məhsul istehsalı 35,7 faiz artıb. 2018-ci ilin göstəriciləri ilə müqayisədə isə müvafiq olaraq 24,45 faiz azalma, 21,2 faiz çoxalma olub.

Rəqəmlərdən də göründüyü kimi əkin sahəsinin həcmi əvvəlki illərdəkindən fərqli olaraq azalsa da, bu, nəinki istehsalın azalmasına səbəb olub, əksinə, pambıq istehsalı artıb. Başqa sözlə, əkin sahələrinin artımı, heç də məhsulun artacağı demək deyil. Bununla da hər hektardan orta məhsuldarlıq 2015-ci ildə 18,8 sentner, 2016-cı ildə 17,4 sentner, 2017-ci ildə 15,3 sentner, 2018-c ildə 17,6 sentner olduğu halda cari ildə qeyd edildiyi kimi 28 sentnerə yüksəlib. Buradan maraqlı sual yaranır: necə oldu ki, əkin sahələrinin azalmasına rəğmən, istehsal nəinki azalmır, əksinə artır?

Kənd Təsərrüfatı Nazirliyi bir müddət əvvəl bəyan edib ki, məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır.

Hələ ötən il Salyanda pambıq yığımına hazırlıqla bağlı müşavirədə  Kənd Təsərrüfatı Naziri İnam Kərimov,  2019-cu ildə 300 min ton pambıq tədarük ediləcəyini, bunun üçün intensiv məhsuldarlığa üstünlük veriləcəyini bildirmişdi. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun məqsədi pambıq sahələrinin genişləndirilməsi deyil, məhsuldarılığın artırılmasıdır.

Elə Azərbaycanda pambıqçılıqla bağlı ənənə də onu göstərir ki, bol məhsul əkin sahələrinin artırılmasından çox, məhsuldarlığın yüksək olmasından asılıdır. Necə ki, 1981-ci ildə Azərbaycanda 282,8 min hektar ərazidə əkilməsinə baxmayaraq, rekord miqdarda- 1 milyon 15 min ton pambıq yığılmışdı. Lakin sonrakı illərdə əkilən sahələr artırılsa da, məhsul istehsalı ildən-ilə azalmağa başladı.

Bununla belə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil edəcəyi nəzərdə tutulub. Bu isə onu deməyə imkan verir ki,  qarşıdakı illərdə əsas vəzifə məhsuldarlığı daha da artırmaq olacaq.

Ceyhun Piriyev, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir