Paytaxt 2019-cu ili hansı göstəricilərlə başa vurub?

Sənayenin inkişafı haqqında

Bakı şəhər Statistika İdarəsindən “İki sahil”ə verilən məlumata görə,  2019-cu ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz  artaraq 39,7 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,7 faizi mədənçıxarma, 17,2  faizi emal, 1,5  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,4 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,5 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 yanvar  2020-ci il vəziyyətinə 230,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2019-cu ilin yanvar-dekabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,9 faizini əsaslı təmir, 4,7 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 81,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2019-cu ildə ticarət dövriyyəsinin həcmi  2018-ci illə müqayisədə 4,2 faiz artaraq 22222,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 0,8 faiz artaraq 10539,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz  artaraq 11683,8 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai iaşə

2019-cu ildə ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə real ifadədə 8,8 faiz artaraq 1160,4 milyon manat olmuşdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci illə müqayisədə 4,8 faiz artaraq 481,0 milyon manat təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə real ifadədə 4,0 faiz artaraq 6064,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3800,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 62,7 faizini təşkil etmişdir.

Əməkhaqqı

2019-cu ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 855,4 manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin noyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı  934,6 manata çatmışdır ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 20,9 faiz, cari ilin oktyabr ayı ilə müqayisədə isə 1,2 faiz çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir