Paytaxt iqtisadiyyatı 2020-ci ilin ilk ayında

Sənayenin inkişafı haqqında

2020-ci ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,5 milyard manat təşkil etmişdir.

Sənaye məhsulunun 80,0 faizi mədənçıxarma, 17,6  faizi emal, 1,9  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 81,0 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 fevral 2020-ci il vəziyyətinə 244,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2020-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,0 faizini tikinti, yenidənqurma və genişləndirmə 9,3 faizini əsaslı təmir, 4,2 faizini cari təmir, 21,5 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 92,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2020-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi  2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz artaraq 1697,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,7 faiz artaraq 885,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 29,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai iaşə

2020-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2019-cu ilin yanvar ayı ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 72,5 milyon manat olmuşdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 milyon manat təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2020-ci ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 469,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 316,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 67,4 faizini təşkil etmişdir.

Əməkhaqqı

2019-cu ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artaraq 867,0 manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin dekabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 1012,7 manata çatmışdır ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 19,1 faiz, cari ilin noyabr ayı ilə müqayisədə isə 8,4 faiz çoxdur.

Bakı Şəhər Statistika İdarəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir