Paytaxt qışa hazırdırmı?

Bildiyimiz kimi, qarşıdan qış fəsli gəlir. Düzdür, bir neçə ildir ki, Bakıda qar yağmasa da, qış aylarında müxtəlif problemlər meydana çıxır. Elə bu məqsədlə də paytaxt küçələrində qışa hazırlıq proseslərinə başlanılıb.

Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətindən mətbuata verilən məlumatda bildirilir ki, rayon İcra hakimiyyətləri başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib. Qeyd edilib ki, paytaxt qurumları qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidirlər. Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın – güclü külək, leysan, yağış, zəlzələ və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb.

Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Bəs görəsən qışa hazırlıq üçün görülən tədbirlər necə təşkil olunmalıdır?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında bildirdi ki, bu sahədə kompleks tədbirlərin görülməsinə ehtiyac var: “Hər il qış gəlməzdən əvvəl böyük şəhərlərdə və paytaxtlarda təhlükəsizlik, nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədi ilə qışa hazırlıq dövrü başlayır.

Düzdür, Azərbaycanda sərt, qarlı qış çox nadir hallarda müşahidə olunur. Amma istənilən halda əvvəlcədən müəyyən hazırlıq işləri mütləq görülməlidir. Qışa hazırlıq işləri görərkən ilk növbədə şəhərin ümumi relyefi və coğrafi şərait nəzərə alınmalıdır. Məsələn, şəhərin Yasamal rayonu və Binəqədi ərazilərində hündürlük fərqi var. Həmçinin sürüşmə ehtimalı daha çox olan hündür ərazilərdə bu işlər daha da gücləndirilməlidir. Ümumiyyətlə götürdükdə, qışa hazırlıq dedikdə, bütün işlər kompleks şəkildə həyata keçirilməlidir. Qış aylarında ən böyük problem kommunal məsələlər ilə bağlı olur. İstilik sisteminin təminatı ilə bağlı hazırlıq mərhələlərinə start verilməlidir. Əhalinin rahatlığını təmin etmək məqsədilə istilik sistemlərində olan nasazlıqlar əvvəlcədən aradan qaldırılmalı, istixanalar artıq qaydaya salınmalıdır. Bütün bunlar kompleks tədbirlər planı tələb edir. Nəqliyyatın intensiv hərəkətinin təmin olunması baxımından müəyyən məsələlər var ki, öz həllini tapmalıdır. Qışa hazırlıq prosesi elə şəkildə təşkil olunmalıdır ki, vətəndaşların sosial qayğıları qış aylarında minimuma ensin”.

Milli Məclisin deputatı Azər Badamov isə qeyd etdi ki, qışa hazırlıq işləri yüksək səviyyədə aparılır: “Son illər ərzində Bakıda yenidənqurma işləri həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində müxtəlif struktur dəyişiklikləri həyata keçirilib. Qış aylarında baş verəcək hansısa fövqəladə hadisəyə hazırlıq səviyyəsi daha da yaxşılaşdırılıb. Bu məqsədlə aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər də verilib. Fikrimcə, qarşıdan gələn qış aylarında ciddi problem olmayacaq. Çünki əvvəlki illərdən fərqli olaraq, bu il hazırlıq işlərinə bir qədər erkən start verilib. Bu mənada hesab edirəm ki, qarlı havalarda xüsusi fövqəladə hal yaranarsa, dərhal qarşısı alınacaq. Bu məqsədlə müasir texniki avadanlıqlardan istifadə olunur”.

Nəqliyyat məsələlər üzrə ekspert Azər Allahverənov qeyd etdi ki, hazırlıq işlərinə erkən başlanılması müsbət məqamdır: “Qışa hazırlıq dedikdə, hər şeydən əvvəl şəhər strukturunun sərt qış şəraitinə hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Fikrimcə, qış aylarında əsas diqqət yollara ayrılmalıdır. Aidiyyəti strukturlar xüsusi texnika ilə təmin olunmalıdır ki, yollarda yaranan problemlər dərhal aradan qaldırılsın. Həmçinin qum və duz tədarükü də əvvəlcədən görülməlidir. Qış aylarında bütün qurumlar gücləndirilmiş iş rejiminə keçirilməlidir. Havalar soyuyan kimi, əsas problem elektrik enerjisi və qaz təchizatında yaranır. Çünki soyuq aylarda şəbəkədə yüklənmə çox olur. Hazırlıq prosesində bu kimi məsələlərə diqqət yetirilməlidir. Əslində qışa hazırlıq işləri bir-biri ilə əlaqəli olan məsələlərdir. Qışa hazırlıq prosesinin erkən başlanması həm də onu göstərir ki, hər strukturun qarşısında konkret öhdəliklər var. Bu öhdəliklərə uyğun olaraq qurumlar öz fəaliyyətlərini tənzimləyəcəklər”.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir