Pirallahı rayonu sürətlə inkişaf edir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək bütün sahələrdə böyük uğurlar qazanmışdır. Bu dövr ərzində cənab Prezidentin təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına əsasən Bakı şəhəri və onun rayonları o cümlədən mənim deputat seçildiyim 13 saylı Xəzər-Pirallahı seçki dairəsinə aid olan Pirallahı rayonu böyük inkişaf yolu keçmişdir. Bakı şəhəri və onun ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ölkə başçısının daim diqqətində olan məsələlərdəndir. Pirallahı rayonu Bakı şəhərinin ən gənc rayonu olmasına baxmayaraq ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Bakı şəhərinin rayonları arasında öz layiqli yerini tutmuşdur. Təkcə 2019-cu ilin 6 ayı ərzində cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə iştirakı ilə rayonda çoxlu sayda sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış mərasimi keçirilmiş, geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçrilmişdir.

16 may 2019-cu il tarixdə cənab Prezidentin müvafiq Sərəncamına əsasən rayon ərazisində yaradılmış Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodu işə salınmışdır. Zavodda 150 iş yeri yaradılmışdır. Zavodun istehsal etdiyi məhsullar nəinki yerli tələbatı ödəyəcək, eyni zamanda Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək.

5 iyul 2019-cu il tarixdə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Pirallahı qəsəbəsində 306 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Yaşayış kompleksində məktəb də daxil olmaqla digər zəruri infrastruktur obyektləri tikilib istifadəyə verilib.

7 avqust 2019 –cu il tarixdə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Pirallahı rayonunda bir sıra sənaye, sosial, mədəniyyət və inzibati obyektlərin açılış mərasimləri keçrilmişdir.

Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir. YAP Pirallahı Rayon Təşkilatı üçün müasir tipli yeni inzibati binanın açılış mərasimi keçirilmişdir.

Yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilmişdir. Gənclər Mərkəzinin binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.

Pirallahı qəsəbəsində “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılmış “NərəMİZ” balıqyetişdirmə zavodu istifadəyə verilmişdir. Ümumi sahəsi 6 ha olan bu müəssisənin ilkin mərhələsində illik istehsal gücü 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. Burda 30 iş yeri yaradılmış və gələcəkdə 70 -ə çatdırılması nəzərdə tutulur.

Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış kompleksi inşa olunur. Hazırda kompleksdə 114 mənzildən ibarət üç binanın inşaası başa çatıb. Kompleksə 340 şagird yerli məktəb binası, 120 yerlik iki uşaq baxçası, üç idman meydançası və velosiped zolağı daxildir.

Bu layihələrin həyata keçrilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçrilən sosial-iqtisadi siyasətin mərkəzində azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onun rifahının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Pirallahı rayonunda həyata keçrilən geniş miqyaslı infrastruktur layihələrinə görə, yeni yaradılmış yeni iş yerlərinə açılmasına, rayona göstərilən diqqət və qayğıya görə Pirallahı rayonunun sakinləri adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlığımı bildirir, Azərbaycan xalqının rifahı naminə yorulmaz fəaliyyətlərində uğurlar arzu edirəm.

Rauf Əliyev, millət vəkili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir