Prezident Administrasiyasının şöbə müdiri Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Tədqiqatları üzrə Kraliyyət Kollecinin (RCDS) rəis əvəzi və Durham Universitetinin professoru Deyvid Eleri (David Ellery) ilə görüşüb.
SİA xəbər verir ki, görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Silahlı Qüvvələrimizin bu ölkədəki hərbi attaşesi də iştirak edib.

Görüş zamanı D.Eleri kollecin tarixi və hazırki fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin Azərbaycanın Müdafiə Nazirliyi ilə həyata keçirilən hərbi təhsil əməkdaşlığından bəhs edib. Rəhbərlik etdiyi dinləyici qrupunun Azərbaycana faydalı və informativ səfərini məmnuniyyətlə dilə gətirən professor, eyni zamanda, kollecdə təhsil alan azərbaycanlı zabitlərin göstərdiyi nəticələrdən razı qaldıqlarını bildirib. O, Hikmət Hacıyevin bu ziyarətinin ikitərəfli hərbi münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Daha sonra, D.Eleri ADA Universiteti ilə Durham Universitetinin gələcəkdə kadr hazırlığı və digər sahələrdə əməkdaşlığını özündə ehtiva edən anlaşma memorandumu layihəsinə hazırda Durhamda baxıldığını, məsələ ilə bağlı müsbət nəticəni cari ilin sonunadək gözlədiklərini diqqətə çatdırıb.

H.Hacıyev iki ölkə arasındakı əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində uğurlarından bəhs edərək bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Görüşdə, həmçinin ölkəmizdə aparılan islahatlar çərçivəsində RCDS ilə Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi Tədqiqatlar Mərkəzi arasında kadr hazırlığı sahəsində mümkün gələcək əməkdaşlıq imkanları müzakirə mövzularından biri olub.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Günün ikinci yarısında Hikmət Hacıyev ölkəmizin Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə Londonda yerləşən və dünyanın ən qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) “Yeni Reallıqlar altında Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda (Azerbaijan’s Foreign Policy Priorities under New Realities) çıxış edib.

Əvvəlcə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Diplomatiyasının 100 illiyinin böyük təntənə ilə keçirildiyini bildirən Hikmət Hacıyev Azərbaycanın bugünki xarici siyasətini formalaşdıran amillər və ölkəmizin xarici siyasət prioritetləri barədə qonaqlara məlumat verib. Ölkəmizin xarici siyasətdə kənarlaşdırıcı deyil, inklyüziv yanaşmanı rəhbər tutduğunu bildirən H.Hacıyev, bu gün Azərbaycanın dünya dövlətləri ilə balanslaşdırılmış və faydalı münasibətlərinin olduğunu nəzərə çatdırıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib ki, təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı Azərbaycan qədər müvəffəqiyyətli olmur və bu mənada ölkəmiz inkişaf etməkdə olan ölkələr üçün model təşkil edir.

O, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici siyasətinin ən əsas hədəfi olduğunu bildirib və auditoriyaya sülh danışıqlarının son vəziyyəti barədə məlumat verib. O, yalnız ədalətli sülhün dayanıqlı sülh olduğunu nəzərə çatdıraraq əlavə edib ki, Azərbaycan substantiv danışıqlar deyərkən, Ermənistanın qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını və işğala son verilməsini nəzərdə tutur. H.Hacıyev Ermənistanı işğal siyasətindən əl çəkməyə və regional inteqrasiyadan maksimum faydalanmağa çağırıb.

Ardınca H.Hacıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq tərəfdaşlıqları, qonşu ölkələrlə münasibətləri, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq sənədinin razılaşdırılması ilə bağlı hazırkı vəziyyət, ölkəmizin Şərq Tərəfdaşlığındakı rolu, onun inkişaf etməkdə olan ölkələrlə diplomatik münasibətlərinin perspektivləri, habelə Brexitdən sonra Azərbaycan və Böyük Britaniya arasında münasibətlər, Kəmər və Yol Təşəbbüsü və sairə barəsində sualları cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir