Psixotrop maddəni ovcunda gizlətməyə çalışan şəxs ələ keçdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından idarə etdiyi “Mercedes-Benz Actros” markalı avtomobillə yük gətirən Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata əsasən, gömrük baxışı zamanı avtomobildə qanunla qadağan edilən heç bir predmet aşkar edilməyib. Buna baxmayaraq, əməliyyat məlumatını dəqiqləşdirmək üçün vətəndaşın üzərində şəxsi yoxlama keçirilməsi zərurəti yaranıb.

Öncə vətəndaş sorğu-sual olunub. O, üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Sonra vətəndaş əynindəki gödəkçənin cibindən telefonunu, siqaret qutusunu, avtomobilin açarlarını və eyni zamanda kağız pullarını çıxarıb. Lakin əsginasları ovcunda saxlayaraq, digər predmetləri masanın üzərinə qoyub. Gömrük əməkdaşları vətəndaşdan ovcunda saxladığı kağız pulları da gömrük nəzarətinə təqdim etməyi tələb edib.

Daha sonra əsginaslara baxış zamanı onların arasında bir ədəd kağız bükülü olduğu görünüb. Həmin bükülünün içərisində isə bükümlə birlikdə çəkisi 0,8 qram olan metamfetamin qırıntıları aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in I Siyahısına daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir